25 gün öncə baş vermiş qanlı hadisənin üstü açıldı
02 Fevral 2011 Çərşənbə 22:05
Yanvarın 7-də Nəsimi rayonunda Asif Məmmədovu bıçaqlayan şəxs saxlanılaraq istintaqa təhvil verilib
Nəsimi rayon polisi 25 gün bundan qabaq baş vermiş qanlı hadisənin üstünü açmağa müvəffəq olub. Söhbət 28 May metrostansiyasının yaxınlığında törədilən biçaqlanmadan gedir. Belə ki, bu il yanvar ayının 7-də Nəsimi rayonu ərazisində 34 yaşlı Məmmədov Asif Məmməd oğlunu bıçaqlayan şəxs saxlanılaraq istintaqa təhvil verilib. Bu barədə ANS-ə Nəsimi rayon Polis İdarəsindən məlumat verilib. Məlumata görə, Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən şəxs, 1987-ci il təvəllüdlü Hüseynov Tural Rəhim oğlu saxlanılıb.
Xatırladaq ki, hadisə zamanı xəsarət alan Asif Məmmədov ağır vəziyyətdə 1 saylı şəhər xəstəxanasına çatdırılmışdı. Həkimlərin səyi nəticəsində ürək nahiyyəsindən bir bıçaq zərbəsi alan Asifin həyatı xilas edilmişdi. Baş vermiş bıçaqlanma hadisəsinin təfərrüatlarını araşdıran Nəsimi rayon Polis İdarəsinin müstəntiqi Miraqil Qiyasovun sözlərinə görə, Tural 24 gün ərzində Mərdəkanda gizlənib. Müstəntiqin dediyinə görə, Tural daha əvvəllər Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə məhkumluq həyatı yaşayıb. Ötən ilin yanvarında azadlığa çıxıb.
Faktla bağlı Tural Hüseynov barəsində Nəsimi rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.2.4 –cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb. Nəsimi rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qəti-imkan tədbiri də seçilib.
DOSTLARINLA PAYLAŞ: