2010-cu ilin birinci yarısında Azərbaycanda 11 min 375 cinayət hadisəsi qeydə alınıb
19 İyul 2010 Bazar Ertəsi 16:46
Baş vermiş cinayətlərin 81-i xarici ölkələrin vətəndaşları tərəfindən törədilib
2010-cu ilin birinci yarısında Azərbaycanda 11 min 375 cinayət hadisəsi qeydə alınıb. Bu barədə APA-ya Dövlət Statistika Komitəsindən məlumat verilib.
Daxili İşlər Nazirliyinin məlumatlarına əsasən, 2010-cu ilin yanvar-iyun aylarında ölkədə 11 min 375 cinayət hadisəsi qeydə alınıb ki, buda əhalinin hər 100 min nəfərinə hesabı ilə cinayət hadisələrinin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,8 faiz azalaraq 127 hadisə təşkil edib. Qeydə alınan cinayətlərin 87,7 faizi az ağır və böyük ictimai təhlükə törətməyən cinayətlərə aid edilib. Baş vermiş cinayətlərin 3 929-u şəxsiyyət əleyhinə, 3 600-ü ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə, 3 284-ü iqtisadi sahədə törədilib.
Cinayət hadisələrinin 81-i xarici ölkələrin vətəndaşı (onların 16-sı MDB-yə üzv olan ölkələrin vətəndaşıdır), 2-si isə vətəndaşlığı olmayan şəxslər tərəfindən törədilib. 2010-cu ilin birinci yarısında həyata keçirilən əməliyyat istintaq tədbirləri nəticəsində açılmış cinayət hadisələrinin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,8 faiz artıb.
Məlumatda həmçinin bildirilir ki, hesabat dövründə aşkarlanmış 8952 nəfər hüquq pozucunun 77,8 faizi cinayət məsuliyyətinə cəlb edilib. Hüquq pozucuların 82,6 faizi əmək qabiliyyətli yaşda olub, heç bir yerdə oxumayan və işləməyənlər, 10 faizi əvvəllər cinayət törətmiş şəxslər, 3,7 faizi sərxoş vəziyyətində olan şəxslər, 12,1 faizi qadınlardır.
2009-cu ilin birinci yarısına nisbətən cinayət törədənlər arasında qadınların sayı 7 faiz, məktəblərdə təhsil alan uşaqların sayı 11,4 faiz, ali və orta ixtisas təhsil, eləcə də ilk peşə-ixtisas təhsil müəssisələrində oxuyan tələbə və şagirdlərin sayı 50 faiz azalıb. APA
DOSTLARINLA PAYLAŞ: