2 qardaş naməlum şəxs tərəfindən bıçaqlanıb
21 Dekabr 2011 Çərşənbə 06:44
Hər iki zərərçəkmiş Mərkəzi Neftçilər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib
Ötən gecə Bakının Xətai rayonunda iki qardaş naməlum şəraitdə bıçaqlanıb. Hadisə Nobel prospekti 159 ünvanında yerləşən 59 saylı orta məktəbin həyətində baş verib. Xətai rayonu, Həzi Aslanov qəsəbəsi, Ramazanov küçəsi ev 8/1-də yaşayan 1995-ci il təvəllüdlü Rufullayev Vüqar Rafiq oğlunu və onun qardaşı 1992-ci il təvəllüdlü Vüsal Rufullayevi bıçaqlayan şəxsin və ya şəxslərin kimliyi hələlik bilinməsə də, polis bu istiqamətdə əməliyat-axtarış tədbirlərinə başlayıb.
Qeyd edək ki, Xətai rayon polis idarəsinin 37-ci polis bölməsində bu məqsədlə əməliyyat qrupu da yaranıb. Zərərçəkmiş qardaşların atası Rafiq Rufullayevin polis əməkdaşlarına verdiyi məlumata görə, axşam saatlarında bir nəfər onların yaşadığı evə gələrək Vüqarı çağırıb. Bu vaxt çağırışa gedən Vüqarın arxasınca onun üç yaş özündən böyük qardaşı Vüsal da gedib. Ancaq bir qədər keçmiş hər iki qardaşın bıçaq xəsarəti aldığı xəbəri gəlib.
Sol döş nahiyəsindən xəsarət alan Vüqar və qarın boşluğundan xəsarət alan Vüsal hazırda Mərkəzi Neftçilər xəstəxanasının reanimasiya şöbəsində müalicə olunurlar.
Cinayət işinin istintaqını Xətai rayon polis idarəsinin istintaq şöbəsinin müstəntiqi İsmayıl Məmmədov araşdırır. Müstəntiqin bildirdiyinə görə, hadisənin kim tərəfindən törədilməsi barədə artıq müəyyən şübhələr var. Ancaq bu istiqamətdə hələlik aparılan araşdırmalar davam etdirilir. Faktla bağlı cinayət işi də başlanılıb.
DOSTLARINLA PAYLAŞ: