16 yaşlı şagirdin qəfil ölümü müəmma olaraq qalmaqdadır
29 Noyabr 2011 Çərşənbə Axşamı 21:33
Həkimlər Namiq Salmanovun qoyulan mantudan ölmədiyini deyirlər.
Lökbatandakı 7 saylı peşə məktəbinin şagirdi, 16 yaşlı Namiq Salmanovun qəfil ölümü müəmma olaraq qalmaqdadır. Şagirdin yaxınları ona peyvənd vurulmasından sonra öldüyünü desələr də, Səhiyyə Nazirliyi bu ehtimalın minimum olduğunu iddia edir. Hər şey isə tibbi ekpertizanın rəyindən sonra məlum olacaq.
Mərhumun sinif yoldaşları onun heç vaxt sağlamlığı ilə bağlı şikayəti olmadığını və onun idmanla məşğul olduğunu deyirlər. Elə qohumları da Namiqin səhhəti ilə bağlı problemi olmadığını bildirdilər. “Baxdım qoluna, kibrit boyda qana bənzər yara var idi. Elə bil damara iynə girib. Yoldaşları dedi ki, əvvəl tez-tez addımlamağa başlayıb, sonra yıxılıb. Uşaq sağlam idi. 1.80 sm boyu var idi və heç bir xəstəliyi olmayıb”, - deyə mərhumun dayısı Nazim Məmmədbağırov bildirib.
Peşə məktəbindən verilən məlumata görə isə 7 saylı peşə məktəbinin 58 şagirdinə vərəm sınağı üçün mantu qoyulub. Mantunu tibb bacıları məktəbdə qoyublar. Lakin həmin gün 19 nəfər dərsə gəlmədiyindən həmin uşaqlar poliklinikaya getməli olublar. Onların içində dünyasının dəyişən Namiq Salmanov da olub.
4 saylı Uşaq Xəstəxanasının baş həkim əvəzi Qənirə Kərimova isə məktəblinin qoyulan mantudan ölməsini mümkünsüz sayır. Çünki bu zaman preparat cüzi miqdarda dərinin altına yeridilir ki, bu da sınaq xarakterli olur.
Təhsil Nazirliyinin Texniki peşə təhsili şöbəsinin müdiri Namiq Məmmədov da həmin şagirdin peşə məktəbinə daxil olarkən sağlamlıq haqqında arayış təqdim etdiyini və məktəbdə də səhhəti ilə bağlı problem olmadığını bildirib. “Biz deyə bilmərik ki, bu, peyvənddən olub. Hələ ekspertizanın rəyi olmalıdır”, - deyə şöbə müdiri bildirib.
Namiq Salmanovun dünyasını dəyişməsinin səbəbini müəyyən etmək üçün aparılan ekspertizanın nəticəsi 10-15 gün ərzində məlum olacaq.
DOSTLARINLA PAYLAŞ: