15 yaşlı qızın mədəsindən 2 kq daş çıxdı
08 Aprel 2011 Cümə 00:01
Saçdan ibarət bərkimiş kütlə bütün həkim heyətini dəhşətə gətirib
Bu gün axşam saatlarında Mirqasımov adına Respublika Klinik Xəstəxanasında keçirilən əməliyyatda 15 yaşlı qızın mədəsindən ağır kütlə çıxarılıb. Həkim Fariz Cabbarov 22 illik cərrah təcrübəsində hələ belə bir hadisə ilə rastlaşmayıb. Qəbələnin Vəndam kəndindən gətirilən 15 yaşlı Fatma Osmanovanın mədəsindən fitiobezuar, yəni saçdan ibarət bərkimiş kütlə bütün həkim heyəti kimi onu da dəhşətə gətirib. Çünki kütlənin nə az, nə çox düz 2 kiloqramdan artıq çəkisi var idi.

Həkim deyir ki, adətən uşaqlarla valideynləri arasında problem yaşanan vaxt yeniyetmələr özlərinə qapanaraq saçlarını yeməyə başlayır ki, nəticədə belə hadisələr baş verir. Amma bugünkü kimi fitiobezuara hələ ki, tibbdə nadir hallarda rast gəlinir.

Fatmanın xalası isə deyir ki, heç vaxt uşağın saç yeməsi kimi hər hansı bir vərdişi olmayıb. Ötən gün o yaşadıqları Qəbələ rayonunun Diaqnostika Mərkəzinə kəskin köp və mədə ağrıları şikayəti ilə aparılıb. Müayinədən sonra qəbələli həkimlər onu təcili Bakıya göndərmək qərarına gəliblər.

Əməliyyat zamanı 15 yaşlı qızın qarın boşluğundan 5 litrə yaxın çirkli maye də çıxarılıb. Hazırda Fatma üzərində əməliyyat bitib, onun vəziyyəti kafidir. Həkim cərrahiyyə əməliyyatından sonra yeniyetmənin mədəsində hər hansı fəsadın qalmayacağını deyir.



DOSTLARINLA PAYLAŞ:

oyunlar