10 evi yardığını etiraf edən şəxs həbs edilib
23 İyul 2010 Cümə 21:10
İstintaq baş verən hadisələrdən üçünü müəyyənləşdirə bilib.
Quba rayon polis şöbəsinin həyata keçiridiyi əməliyyat-axtarış tədbirləri nəticəsində bu ilin may ayından iyul ayının 20-nə qədər 10 oğurluq hadisəsi törətmiş şəxs saxlanılıb. Bu barədə ANS PRESS-in bölgə müxbirinə Quba polis şöbəsinin istintaq bölməsinin rəisi Vüqar İsmayılov məlumat verib. Əvvəllər narkotik vasitələrin saxlanılmasına görə həbsdə olan rayonun birinci Nügədi kənd sakini 39 yaşlı Ərəstun Tağı oğlu Dadaşovdur.

Rayon polis şöbəsinin cinayət axtarış bölməsinin əməkdaşları tərəfindən iyulun 20-də şübhəli şəxs qismində saxlanılan Ərəstun Dadaşovun üzərindən əlcək, gecə lampası, qapıların açılması üşçün istifadə olunan kəsici alət və bolt açan aşkar edilib ki, bu da əməliyyatçılarda şübhə yaradıb. Polis şöbəsində şübhəli şəxsin üzərinə baxış zamanı ondan narkotik vasitə hesab olunan 0,898 qram heroin aşkar olunub.

Bununla yanaşı Ərəstun Dadaşov ilkin dindirmə zamanı Quba rayonunda 10 evdən oğurluq etməsini təsdiqləyib. Quba polis şöbəsinin istintaq bölməsinin rəisinin sözlərini görə, təqsirləndirilən şəxs 10 evdən oğurluq etdiyini bildirsə də, istintaq hələlik bu cinayətlərdən üçünü müəyyən edə bilib. Nizami Çərkəzov, Namiq Hacıyev və Məmməd Dadaşova məxsus evlərdən oğurluq edilməsi dəqiqləşdirilib. Həmin evlərdən ümumilikdə 5 000 manat dəyərində qızıl-zinət əşyaları, pul və istiqrazlar yoxa çıxıb.

Ərəstun Dadaşova məxsus evdə axtarış zamanı polis əməkdaşları CD player, DVD player və digər əşyalar da aşkar edilib. Hazırda təqsirləndirilən şəxsin oğurluq törətdiyini etiraf etdiyi digər yeddi evin müəyyən edilməsi üçün əməliyyat tədbirləri davam etdirilir.

Ərəstun Dadaşov barəsində isə Quba polis şöbəsində Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsinin bir neçə bəndi ilə cinayət işi başlanılıb.

Quba rayon polis şöbəsinin cinayət axtarış bölməsinin rəisi Azər Tağıyevin ANS PRESS-in bölgə müxbirinə verdiyi məlumata görə, hazırda Ərəstun Dadaşovun bütün bu oğurluq hadisələrini təkbaşına yaxud da qrup şəklində törətməsinin müəyyən olunması üçün əməliyyat axtarış tədbirlərinin davam etdirilir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar