Yaşamalı ölkələr
04 Oktyabr 2009 Bazar 16:15
Keçmiş post-sovet dövlətləri arasında yaşamalı ölkə Estoniya seçilib
«Leqatum» Araşdırmalar İnstitutu 2008-ci ilin Qlobal Rifah Reytinqinin siyahısını açıqlayıb. Araşdırmanın nəticələrinə görə, yaşamaq üçün ən yaxşı yer Avstraliyadır. ABŞ siyahıda 6-cı, Rusiya isə 57-ci yeri tutub.

Reytinqi tərtib edənlər yaxşı ölkə adına layiq olmaq üçün insanların azad seçim etmək hüququnun olmasını əsas meyar kimi seçiblər. Hökumət effektiv və vicdanlı olmalı, kasıb ölkələrdə ümumi rifah vəziyyətinin yaxşılaşdırılması əsas prioritet sayılmalı, varlı ölkələrdə isə yaşayış keyfiyyəti bir az da artırılmalıdır. Bundan başqa, yüksək həyat səviyyəsinə ətraf mühitin təmizliyi, azad sahibkarlıq imkanları da böyük təsir göstərir.

Bütövlükdə dünyanın yüzdən çox dövləti bir neçə meyarla qiymətləndirilərək iki qrupa bölünüb: «İqtisadi baxımdan rəqabət qabiliyyətli» (burada təhsilin səviyyəsi, ixrac məhsullarından asılılıq, invesitisiyaların səviyyəsi və s. nəzərdə tutulur) və «Həyat üçün nisbi rahatlıq» (burada isə dini azadlıq, istirahət üçün infrastrukturun olması, məşğulluq səviyyəsi və s. nəzərdə tutulur).

Reytinqin nəticələrinə görə, yaxşı ölkə adına layiq seçilmiş ilk onluğa Avstraliya, Finlandiya, Almaniya, Sinqapur, ABŞ, İsveçrə, Honq-Konq, Danimarka və Yeni Zellandiya daxildir. Ən sonuncu, 104-cü yerdə Yəmən dayanıb.

Keçmiş post-sovet dövlətləri arasında yaşamalı ölkə Estoniya seçilib - 36-cı yer. Latviya 47-ci, Qazaxıstan 56-cı, Ukrayna 68-ci, Belarus 78-ci, Özbəkistan 80-ci, Moldova 83-cü yerdədir. Siyahıda Azərbaycanın adı çəkilməyib.

Müqayisə üçün əlavə edək ki, Fransa və Böyük Britaniya 14-cü, İsrail 20-ci, İtaliya 25-ci, Küveyt 30-cu, Tayland 35-ci, Səudiyyə Ərəbistanı 45-ci, Cin 54-cü, Venesuela 58-ci, Türkiyə 61-ci, Hindistan isə 70-ci yerdədir.

Avropanın ən təmiz şəhərləri isə Stokholm və Hamburq seçilib. Avropa Birliyinin komissiyası hər iki şəhəri bu ada ətraf mühitin mühafizəsində göstərdikləri davamlı səylərinə görə layiq görüblər. İsveçin paytaxtı Stokholm ən təmiz şəhər adını 2010-cu ilin sonuna kimi daşıyacaq, Almaniyanın sayca ikinci böyük şəhəri olan Hamburq isə 2011-ci ilə qədər. Təmiz şəhər adına Amsterdam, Bristol, Kopenhagen, Oslo, Frayburq və Myünster şəhərləri də namizəd olub. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar