Xocavəndin işğalından 18 il ötür
02 Oktyabr 2010 Şənbə 10:35
Xocavənd Rayonu erməni silahlı birləşmələri tərəfindən 1992-ci ildə işğal edilib.
Bu gün Xocavəndin Ermənistan silahlı birləşmələri tərəfindən işğalından 18 il ötür. Rayon Ağdam-Füzuli avtomobil yolu kənarında, dağətəyi düzənlikdə yerləşir. Ərazisi alçaq dağlıq və düzənlikdən ibarət olan Xocavənd rayonu 2 şəhər tipli qəsəbə və 38 kənddən ibarətdir.
Qədim yaşayış məskənlərindən sayılan Xocavəndin ərazisi təbii sərvətlərlə - tikinti materialları və faydalı qazıntılarla, meşə zolaqları və şirin su ehtiyatları ilə zəngindir. Ümumi sahəsi 25,5 min hektar olan Xocavənd meşəsində palıd ağacları qırılaraq ermənilər tərəfindən daşınıb, Xocaşın çayının kənarlarında bitən təbii meşə məhv edilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, rayon ərazisində əkilib-becərilən narkotik vasitələr müxtəlif ölkələrə satılır, ərazilər mütəmadi yandırılaraq fauna və flora tamamən məhv edilir, işlik materialına yararlı ağaclar qırılaraq, Ermənistana aparılır və digər ölkələrə satılır.
Ermənilər beynəlxalq konvensiyaların tələblərinə məhəl qoymadan ümumdünya əhəmiyyətli təbiət və tarixi abidələrimizi məhv etməkdə davam edirlər.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20 faizi, yəni Dağlıq Qarabağ və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: