Xəzər həftəsi başa çatdı
01 Oktyabr 2011 Şənbə 14:45
“Beynəlxalq Dəniz Günü” ilə əlaqədar nəzərdə tutulan bütün tədbirləri başa çatdırılıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 26–30 sentyabr 2011-ci il tarixlərində keçirilən “Xəzər həftəsi”nə yekun vurulub. "Xəzər həftəsi”nin qeyd olunması məqsədilə Nazirlik tərəfindən hazırlanmış tədbirlər planına müvafiq olaraq Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub 955 kilometrlik sahil zolağında (Nabran, Sumqayıt, Bakı, Neftçala, Lənkəran şəhər və rayonlarının ərazilərində) vətəndaşların, yerli icra strukturlarının, qeyri-hökumət təşkilatlarının təhsil müəssisələrinin və KİV nümayəndələrinin iştirakı ilə iməciliklər keçirilmiş, məişət və sənaye tullantıları yığılaraq zibil poliqonuna daşınıb.
Nazirlikdən ANS PRESS-ə verilən məlumata görə, orta təhsil müəssisələrində “Mavi Xəzərimiz” mövzusunda lektoriyalar təşkil edilib, idarə və müəssisələrdə Xəzər dənizinin bioresurslarının mühafizəsinin vacibliyi barədə mühazirələr oxunub və dəyirmi masalar təşkil olunub.
Keçirilən tədbirlərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri tərəfindən ictimaiyyətə su hövzələrinin zənginliyi barədə məlumatlar verilib, eyni zamanda hər bir sakinə bu resursların qorunmasının vacibliyi təbliğ edilib.
Eyni zamanda, Xəzərin bioloji resurslarının mühafizə olunması və artırılması ilə bağlı görülmüş işləri ictimaiyyətə çatdırmaq məqsədilə Nazirliyin əməkdaşları KİV nümayəndələri ilə birgə Xıllı Nərə Balıqartırma zavodunda olublar. Burada jurnalistlərə müəssisədə yetişdirilən nərəcinsli balıqlar nümayiş etdirilib, zavodun fəaliyyəti və görülmüş işlərlə bağlı onları maraqlandıran suallar mütəxəssislər tərəfindən cavablandırılıb. Bununla da, “Beynəlxalq Dəniz Günü” ilə əlaqədar Nazirlik müvafiq tədbirlər planına uyğun olaraq “Xəzər həftəsi” çərçivəsində nəzərdə tutulan bütün tədbirləri başa çatdırıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: