Xalide Xalid harada saxlanılır?
14 May 2013 Çərşənbə Axşamı 10:04
İranda həbs edilən alim Xalide Xalid haqqda bir melumat yoxdu.
İranda casusluqda ittiham olunaraq həbs edilən azərbaycanlı elmi işçi, AMEA-nın əməkdaşı Xalidə Xalidin ailəsi onun həyatının təhlükədə olmasından narahatdır. Bu barədə modern.az-a alimin oğlu Xalid Məmmədli məlumat verib.
Rəsmi qurumlara saysız-hesabsız müraciətlər etdiyini deyən X.Məmmədli anasının sağ olub-olmamasından nigarandır. X.Məmmədlinin sözlərinə görə, Azərbaycanın Təbrizdəki konsulluğu və Xarici İşlər Nazirliyi ilə hər gün əlaqə saxlasa da rəsmi qurumlar onlara yalnız təsəlli verməkdən başqa heç nə etmir: “Anamın həbs olunmasından günlər keçsə də heç bir yenilik yoxdur. Müraciət etmədiyimiz yer qalmayıb, bizə anamla bağlı heç bir xəbər vermirlər. Çox narahatıq. Sonuncu dəfə ötən həftə konsulluqla əlaqə saxladıq. Bildirdilər ki, narahat olmayın, iş gedir, hər şey yaxşı olacaq. Hamı söz verir, amma ortada konkret nəticə yoxdur. Heç olmasa bizə anamın səhhətinin yaxşı olduğunu desinlər, rahat olaq”.
Azərbaycanın Təbrizdəki Baş Konsulluğundan bildirilib ki, məsələ ilə bağlı rəsmi açıqlama yalnız Xarici İşlər Nazirliyi tərəfindən veriləcək, alimin həbsi ilə bağlı araşdırmalar isə davam etdirilir.
Prezident Administrasiyası (PA) İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov da məsələyə münasibət bildirib. Publika.az-ın məlumatına görə, şöbə müdiri deyib ki, hazırda Azərbaycanın müvafiq dövlət qurumları bu məsələ ilə məşğul olur: “Mənim bu məsələyə münasibət bildirməyim prosesin ləngiməsinə və ya tezləşməsinə heç bir təsir göstərməyəcək. Hazırda bununla Azərbaycanın Xarici İşlər Nazirliyi məşğul olur”.
XİN-in mətbuat katibi Elman Abdullayev isə “Yeni Müsavat”a bildirdi ki, saxlanılan şəxslərlə bağlı danışıqlar hələ də davam etdirilir: “Əsas odur ki, bizim diplomatlara həbs olunan iki Azərbaycan vətəndaşı ilə görüşə şərait yaradılsın. Biz istəyirik ki, ilk öncə onların saxlanma şəraiti ilə tanış olaq və onların nə ilə əlaqədar saxlandığını dəqiqləşdirək. Bu mənada saxlanılanlarla görüşün keçirilməsi hazırda bizim üçün ən prioritet məsələdir. Xüsusilə də saxlanılan şəxslərdən biri xanımdır və buna görə onlarla görüşmək, saxlanma şəraitini dəqiqləşdirmək bizim üçün çox önəmlidir”.
XİN sözçüsü qeyd etdi ki, artıq Tehran rəsmi Bakının ikinci notasını da cavablandırıb: “İkinci notamızdan və təkidlərimizdən sonra onlar bizim ikinci notamızı da cavablandırdılar. Biz nota ilə yanaşı danışıqlar da aparırıq. Tehranın bir cümləlik cavabında qısa şəkildə göstərilir ki, guya bu şəxslər qeyri-qanuni fəaliyyətlə məşğul olublar, ona görə də həbs ediliblər. Hər halda, biz araşdırmalarımızı davam etdiririk. Saxlanılan vətəndaşlarımızla görüşün keçirilməsi Vyana Konvensiyasına əsasən də bizim hüququmuzdur”.
Ola bilərmi ki, rəsmi Bakı İranın davranışlarına cavab olaraq Tehrandakı səfirini məsləhətləşmək üçün geri çağırsın? E.Abdullayev bu suala konkret cavab vermədi: “Bizim üçün hazırda ən önəmli məqam vətəndaşlarımızla görüşmək, onların saxlanması ilə tanış olmaqdır. Ümidvarıq ki, İran tərəfi yaxın zamanda Azərbaycanın xahişlərini yerinə yetirəcək və bizim diplomatlarımıza vətəndaşlarımızla görüşmək üçün imkan yaradacaq. Biz qonşu ölkələrik və iki ölkə arasında yaxın əlaqələr var”.
Qeyd edək ki, AMEA Ədəbiyyat İnstitutunun elmi işçisi Xalidə Xalid və köməkçisi Şamxal Hüseynov aprelin 30-da Təbrizdə İran xüsusi xidmət orqanları tərəfindən həbs olunublar. İran tərəfi onları casusluqda ittiham edir.
DOSTLARINLA PAYLAŞ: