WikiLeaks-dən şok açıqlama
03 Fevral 2011 Cümə Axşamı 14:20
Sayt ABŞ diplomatlarının növbəti məxfi yazışmalarını yayıb
Avstraliyanın qalmaqallı “WikiLeaks” saytı ABŞ diplomatlarının növbəti məxfi yazışmalarını yayıb. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, sayt bu dəfə ABŞ-ın Qətərdəki diplomatlarının Vaşinqtona göndərdiyi məxfi teleqramın mətnini nəşr edib.
Teleqramda 2001-ci il 11 sentyabr tarixində Nyu-Yorkda törədilən terror aktının əvvəllər məlum olmayan təfərrüatları açıqlanıb.
Belə ki, Amerikanın paytaxt Dohadakı diplomatik nümayəndəliyinin əməkdaşları 2010-cu ilin 11 fevral ayında ABŞ xüsusi xidmət orqanlarına məxfi teleqram göndəriblər. Bu, terror hücumunun əvvəllər məlum olmayan üç iştirakçısı il bağlıdır.
Sənəddə bildirilir ki, 2001-ci ilin 15 avqustunda Qətərin 3 vətəndaşı – Meşal Əlhəcri, Fəhad Abdulla və Əli Əlfehaid ABŞ-a səfər ediblər. Açıqlanan sənədə görə, Qətərin bu üç vətəndaşı ABŞ-a terror aktının törədilə biləcəyi mümkün yerləri araşdırmaq üçün gəliblər. Onlar Azadlıq heykəli, Ağ ev və Ümumdünya Ticrət Mərkəzini ziyarət ediblər.
Bundan sonra qətərlilər Los-Ancelesə yollanıblar və burada kiçik bir mehmanxanada yerləşiblər. İş-işdən keçəndən sonra mehmanxana əməkdaşları onların qaldıqları nömrədə pilotların uniformalarını xatırladan bir neçə dəst forma, aviareyslərin cədvəli və heyət üzvlərinin siyahısını gördüklərini xatırlayıblar.
Xüsusi xidmət orqanlarının məlumatına görə, qətərlilərin əllərində sentyabrın 10-na planlaşdırılan Los-Ancelesdən Vaşinqtona uçacaq reysin biletləri olub. Onlar məhz bir gündən sonra Pentaqonun binasına dəyən təyyarə ilə uçmalı idilər. Lakin şübhəli şəxslər bunun əvəzində gözlənilmədən Londona uçub, oradan isə Qətərə qayıdıblar.
Naməlum səbəblərdən istintaq qərara alıb ki, qətərlilərə qarşı ittiham irəli sürmək üçün əsas yoxdur. Halbuki, Yaxın Şərq ölkəsinin sakinləri uzun müddət Kaliforniya ştatında yaşayan və oradan terrorçulara güclü dəstək verən BƏƏ mənşəli Məhəmməd əl-Mənsurun dəstəyi ilə hərəkət ediblər. Həmçinin, 11 sentyabr aktının araşdırıması üzrə komissiyanın məruzəsində də, bu şübhəli üçlüyün adları qeyd olunmur.
Mərkəzi Kəşfiyyat İdarəsi və Federal Təhlükəsizlik Bürosu “WikiLeaks”in açıqladığı teleqrama münasibət bildirməkdən imtina edib.
Xatırladaq ki, 2001-ci il 11 sentyabr tarixində kamikadzelər ABŞ ərazisində 4 sərnişin təyyarəsini ələ keçiriblər. Onlar təyyarələrdən ikisini Ümumdünya Ticarət Mərkəzinə, digər ikisini isə Pentaqon və Ağ evə yönəldiblər. Törədilən terror aktları nəticəsində 3 mindən çox adam həlak olub.
DOSTLARINLA PAYLAŞ: