Hindistanın Səhiyyə Nazirliyi ölkə ərazisində bir nəfərin H1 N1 virusuna yoluxması ilə bağlı məlumat yayıb. ANS PRESS-in qazeta.ru.ya istinadən verdiyi məlumata görə, Səhiyyə Nazirliyinin rəsmisi xəstəliyin ölkənin cənubundakı Xaydarabad şəhərində tapıldığın bildirib. Virusa yoluxmuş şəxs hindistanlıdır və Dubaydan ölkəsinə gələrkən hava limanında keçirilən müayinələr zamanı saxlanılıb. Xəstəlik daşıyıcısı karantinə alınıb və ondan H1 N1 qripi ilə bağlı götürülmüş test analizləri müsbət nəticə verib.
Virus tapılan ölkələrin içərisinə Yaponiyanın da adı əlavə edilib. "Sinxua" agentliyinin məlumatına görə, Səhiyyə Nazirliyi Yaponiyanın cənubundakı Koba şəhərində yaşayan 17 yaşlı məktəblinin bu virusa yoluxması barədə məlumatı təsdiqləyib. Məlum olub ki, məktəbli şəhərdən kənara çıxmadan bu xəstəliyə tutulub. Bir qədər əvvəl isə Yaponiyanın hava limanında 4 nəfərdə - üç məktəbli və onların müəllimində bu virus aşkar edilib. Ölkə rəhbərliyi yaxın saatlarda donuz qripi ilə mübarizə üzrə yaradılmış qərargahın təcili müşavirəsini çağırmağı qərara alıb. Müşavirədə hakimiyyətin Koba sakinlərinə müraciət edəcəyi, onları xarici səfərlərini təxirə salmalarına, kütləvi tədbirləri ləğv etmələrinə, məktəblərin isə müvəqqəti fəaliyyətlərini dayandırmağa çağıracağı gözlənilir.
Xatırladaq ki, bu gün Türkiyə və Ekvadorda da donuz qripi virusu aşkarlanıb. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Moskvaya səfərqabağı keçirdiyi mətbuat konfransında bu məsələ ilə bağlı jurnalistlərin suallarını cavablandırarkən bildirib ki, virusun yayılmaması üçün vəziyyət ciddi nəzarət altına alınıb.
Son məlumatlara görə, yeni qrip virusu artıq 38 ölkədə rəsmi qeydiyyata alınıb. Bu virusdan 8,5 min insan zərər çəkib. Onlardan 73 nəfəri dünyasını dəyişib. /ANS PRESS/