BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı və Azərbaycan hökuməti 20 iyun - Ümumdünya Qaçqınlar Günü münasibətilə Azərbaycan Dövlət Filarmoniyasında birgə tədbir təşkil ediblər.
APA-nın məlumatına görə, baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib ki, Azərbaycan 20 ildən çoxdur qaçqınlıq, 16 ildən çoxdur isə məcburi köçkünlük problemi ilə üz-üzədir: “Beynəlxalq aləmdə məcburi köçkünlərin problemlərinin hüquqi tənzimlənməsi üçün yetərli hüquqi baza yoxdur. Qaçqın digər ölkədən qovulan, məcburi köçkün isə öz ölkəsində didərgin düşən şəxsdir. Məntiqlə yanaşsaq, öz ölkəsində köçkün düşən insanların əziyyəti daha artıqdır, nəinki digər ölkələrdən qovulan qaçqınların. Bununla qaçqınların statusuna xələl gətirmək niyyətində deyiləm. Amma beynəlxalq aləmdə bu iki kateqoriyadan olan insanlara yanaşma dəyişməlidir”.
Ə. Həsənov deyib ki, ölkə prezidenti İlham Əliyev məcburi köçkünlərin problemlərinin həllinə nail olub: “Yeganə bir problem torpaqların işğaldan azad olunmasıdır. Prezident dəfələrlə bildirib ki, torpaqların azad olunması məsələsində heç bir güzəşt ola bilməz, bütün danışıqlar Azərbaycanın ərazi bütövlüyünün bərpası şərti ilə aparılır”.
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəsi Arun Sala-Nqarmın isə bildirib ki, qaçqınlar və məcburi köçkünlər cəmiyyətin ən həssas təbəqəsidir: “Onlar hər şeylərini itiriblər. Yalnız ümidlərini itirməyiblər. Təəssüf ki, ayrı-ayrı dövlətlərin və BMT-nin bütün səylərinə baxmayaraq, dünya üzrə qaçqınların problemi hələ də həll olunmayıb”.
APA