Türkiyə ya Ermənistan?
22 Dekabr 2010 Çərşənbə 23:10
Konqresdə "erməni soyqırımı" ilə bağlı qətnamənin müzakirəyə çıxarılması gözlənilir
Məlum olduğu kimi ABŞ Konqresinin Nümayəndələr Palatasında ermənilərin iddia etdiyi "soyqırım"la bağlı qətnamə layihəsinin bu gün müzakirəyə çıxarılması gözlənilir. Belə ki, Nümayəndələr Palatasının layihə və istiqamətləri müəyyən edən qaydalar komitəsi qətnaməni gündəmə gətirə bilər. Digər tərəfdən Konqresin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi də qaydaların təxirə salınması üsulu ilə layihəni birbaşa idarə heyətinə çıxara bilər. Belə olan halda layihəyə etirazlar olsa belə, qəbul edilə bilər. Verilən məlumata görə, Nensi Pelosi özünə yaxın konqresmenləri bugünkü toplantında iştirak etməyə çağırıb.

Bunu nəzərə alan Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan narahatlığını gizlətməyib. Amma o, ABŞ-ın qətnamə layihəsi ilə bağlı ədalətli mövqe nümayiş etdirəcəyinə ümidlərini də ifadə edib. Rəcəb Tayyib Ərdoğanın sözlərinə görə, "erməni soyqırımı" ilə bağlı məsələdə atılacaq addım Nobel mükafatı alan Barak Obamanın bu təltifə nə dərəcədə layiq olduğunu göstərəcək.

“Biz prosesi izləyirik. Bu məsələnin gündəmdə olmaması o demək deyil ki, ona yenidən qayıdılmayacaq. Son anda bəzi şeylər ola bilər, həmişə Nobel mükafatını sülh, sevgi deyə izah ediblər. İnanıram ki, sülhü, sevgini müdafiə edənlər bunun arxasında dayanacaqlar”,- deyə Türkiyə baş naziri bildirib.

Ağ evin sözçüsü Robert Gibs isə mətbuat konfransında jurnalistin “qondarma erməni soyqırımı ilə bağlı Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğanın Obamaya məktub göndərməsini Ağ ev rəhbərinin necə qiymətləndirir” sualını cavablandırarkən deyib ki, Barak Obamanın məsələylə bağli mövqeyi bəllidir: “Türkiyə ilə münasibətlər son dərəcə əhəmiyyətlidir. Bu mövzu ilə bağlı Obamanın Senata xüsusi bir zəng etməsinə inanmıram və onun bu mövzuda fikirləri məlumdur”.

Qeyd edək ki, konqresmen Adam Şiff tərəfindən hazırlanan layihənin yenidən gündəmə gəlməsinə səbəb Nensi Pelosinin 2011-ci ilin yanvarında yerini respublikaçı Con Beynerə verənə qədər qətnamənin palatada müzakirəyə çıxarılmasını istəməsidir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar