Torpaqlarımızı tezliklə işğaldan azad edəcəyik
19 Aprel 2014 Şənbə 10:47
Biz Ali Baş Komandanımızın rəhbərliyi ilə şəhidlərimizin intiqamını tezliklə alacaq, torpaqlarımızı, işğaldan azad edəcəyik"
ANS PRESS-in məlumatına görə, bunu müdafiə naziri, general-polkovnik Zakir Həsənov Bakıda Cəmşid Naxçıvanski adına Hərbi Liseydə "Cəmşid Naxçıvanski adına Hərbi Lisey Günü" münasibətilə keçirilən mərasimdə çıxışında bildirib. Zakir Həsənov çıxışında Naxçıvan Muxtar Respublikasında irimiqyaslı hərbi təlimlərdən də danışıb:

"Neçə illərdir ki, blokada şəraitində yaşayan Naxçıvan dinamik sürətlə inkişaf edir və etibarla qorunur. Digər bölgələlərimizdə olduğu kimi bu qədim və yeniləşən diyarda da hərbi strukturlarımız gündən-günə güclənir, qüdrətlənir, şəxsi heyətdə böyük ruh yüksəkliyi var, ordu ilə xalqın birliyi istənilən təcavüzün qarşısını almağa, döyüş tapşırığını yerinə yetirməyə bizə imkan verir. Prezident İlham Əliyevi və xalqımızı əmin edirəm ki, Silahlı Qüvvələrimizin şəxsi heyəti bundan sonra da Heydər Əliyev ideyalarına sadiq qalaraq Ali Baş Komandanın əmrlərinə hər an hazır olacaq".

Qeyd edək ki, tədbir çərçivəsində bir qrup hərbi qulluqçu və müəllim heyəti fəxri fərmanla və qiymətli hədiyyələrlə təltif edilib.

Xatırladaq ki, müdafiə naziri, general-polkovnik Zakir Həsənov 19 aprel gününün "Cəmşid Naxçıvanski adına Hərbi Lisey Günü" kimi qeyd edilməsi haqqında əmr imzalayıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar