Terri Devidson Naxçıvana səfər edib
23 Fevral 2010 Çərşənbə Axşamı 13:55
Terri Devidson Naxçıvana səfər edib. Səfər zamanı mümkün əməkdaşlıq məsələləri müzakirə olunub.
ABŞ-ın Azərbaycandakı səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Terri Devidson fevralın 21-22-də Naxçıvanda olub. Devidson jurnalistlərə açıqlamasında səfərinin tanışlıq mahiyyəti daşıdığını bildirib. “Səfər zamanı Naxçıvan Təhsil Nazirliyində, Dövlət Universitetində və Milli Məclisində oldum. Mümkün əməkdaşlıq məsələləri barədə müzakirələr apardıq”, - deyə diplomat bildirib.
İnsan hüquqları, söz azadlığı və ümumilikdə demokratiyanın vəziyyəti ilə bağlı məsələləri müzakirə edib-etməməsi barədə suala cavabda Devidson deyib ki, bu mövzulara toxunulub.
“Görüşlərdə təsdiq etdim ki, biz bu mövzuları diqqət mərkəzində saxlayırıq və onların inkişafını izləyirik”, - deyə Devidson bildirib.
Qeyd edək ki, Naxçıvan Ali Məclisində amerikalı diplomatı aparat rəhbəri Əli Həsənov qəbul edib.
Xatırladaq ki, bir müddət əvvəl Naxçıvan hakimiyyəti ABŞ və Norveç səfirliklərinin nümayəndələrinin Culfa rayonunun Bənənyar kəndinə səfərinə mane olmuşdu. Diplomatlar yanvarın 13-də Bənənyar kəndində dekabrın sonlarında baş vermiş iğtişaşlardan və onlarla kənd sakininin Aşura mərasimində iştiraka görə həbs edilməsindən sonra kənddəki vəziyyətlə tanış olmaq üçün buraya gəlmişdilər. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: