Tehranda Xəzərin problemləri müzakirə olunur
09 Noyabr 2010 Çərşənbə Axşamı 23:45
İran paytaxtında Xəzəryanı dövlətlərin xarici işlər nazirləri müavinlərinin 27-ci iclası keçirilir.
Bu gün Tehranda Xəzəryanı ölkələri prezidentlərinin Xəzər məsələləri üzrə xüsusi nümayəndələri, xarici işlər nazirlərinin müavinlərinin 27-ci iclası öz işinə başlayıb. İki gün davam edəcək tədbirdə əsasən Xəzəryanı beş ölkə arasında birlik, Xəzərin təhlükəsizliyi və həmçinin bu ölkələr arasında əməkdaşlığın səviyyəsinin artırılması məsələləri müzakirə olunur.

27-ci iclası açan İranın xarici işlər naziri Mənuçöhr Mottaki bildirib ki, Xəzəryanı ölkələrin hər biri üçün ədalətli və əlverişli payın ayrılması beynəlxalq qanunların tələbi və əsas prinsiplərdən biridir. Bu məsələ regionda sülh və sabitliyin zəmanətidir. “İran Xəzər dənizi ilə bağlı bütün qərarların həmrəyliklə verilməsinin tərəfdarıdır. Xəzərin hüquqi statusu məsələsində danışıqlarda yumşaqlıq nümayiş etdirilməli və ölkələrin mənafeyi nəzərə alınmalıdır. Xəzərin hüquqi statusu haqqında konvensiyanın hazırlanması hövzədə regional əməkdaşlıqların inkişafı üçün, xüsusi ilə iqtisadi, siyasi və təhlükəsizlik sahəsində əlverişli zəmin yaradacaq”,- deyə Mənuçöhr Mottaki bildirib.

Manuçöhr Mottaki kommersiya daşımalarının təhlükəsizliyinin təminatı, hərbi rəqabətdən uzaq durmaq, dəniz akvatoriyası ehtiyatlarından məntiqli istifadəyə diqqət yetirilməsinin vacibliyini də qeyd edib. Sabah yekunlaşacaq iclasda Xəzəryanı dövlətlərin prezidentlərinin noyabrın 18-də Bakıda keçiriləcək zirvə görüşünə dair müzakirələr davam etdiriləcək.

İran prezidentinin Xəzər məsələləri üzrə müşafiri Mehdi Axundzadə də bəyanatla çıxış edib. O, Tehranın 1921 və 1940 -ci illərdə Sovet İttifaqı və İran tərəfindən Xəzər dənizinin hüquqi statusuna dair imzalanan sənədlərlə bağlı mövqeyinin dəyişilməyəcəyini və Xəzər dənizinin hüquqi statusuna dair İranın razılığı olmadan qəbul edilmiş istənilən qərarın qəbuledilməz sayılacağını vurğulayıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar