Taksi sürücülərinə şad xəbər!
23 Yanvar 2012 Bazar Ertəsi 21:12
Bu gündən taksilər avtomobillərin buraxılış ililə bağlı məhdudiyyət ləğv edilib.
Bu gündən etibarən Bakıda taksilər üçün xarici avtomobillərin buraxılış ili ilə bağlı məhdudiyyət ləğv edilib. Bunu Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov ANS PRESS-ə açıqlamasında bildirib. Belə ki, xarici avtomobillər üçün qoyulmuş 5 ildən köhnə olmaması barədə barədə şərt ləğv edilib. N. Məmmədov qərarın ləğv edilməsini belə əsaslandırıb:

"Elə avtomobillər var ki, daha əvvəl buraxılsalar da, texniki cəhətdən saz avtomobillərdir və taksi fəaliyyəti üçün texniki tələblərə, lisenziya almaq şərtlərinə cavab verirlər. Lakin bu qərar Sovet və Rusiya istehsalı olan avtomobillərə aid deyil. Ümumiyyətlə Sovet və Rusiya istehsalı olan avtomobillər buraxılış ilindən asılı olmayaraq taksi kimi istifadə olunmayacaq”, - deyə Namiq Həsənov vurğulayıb.

Nəqliyyat Nazirliyinin rəsmisinin sözlərinə görə, nazirlik çoxsaylı müraciətlər və taksi kimi istifadə olunan avtomobillərin bir hissəsinin texniki vəziyyətinin normal olması səbəbindən bu qərara gəlib: “Qaydanın ləğv olunması o demək deyil ki, taksi fəaliyyəti üçün bütün avtomobillərə lisenziya veriləcək. Taksilərin hamısı xarici maşınlar olmalıdır. Bundan başqa, avtomobil texniki cəhətdən saz vəziyyətdə olmalıdır. Bu da Nəqliyyat Nazirliyi tərəfindən lisenziya verilərkən tam yoxlanılır. Avtomobilin mühərrikindən tutmuş, təkərlərə, şinlərə və ən kiçik detallara belə diqqət yetirilir. Həm də, avtomobil mütləq ağ rəngdə olmalıdır və üstünə xüsusi nişan qoyulmalıdır. Əgər avtomobil texniki tələblərə cavab verirsə ona lisenziya veriləcək".

Xatırladaq ki, taksi fəaliyyəti üçün lisenziya alınması barədə Nəqliyyat Nazirliyinin tətbiq etdiyi şərtlərə əsasən, taksi fəaliyyəti üçün lisenziyalar yalnız son 5 ildə istehsal olunan avtomobillərə - buraxılış ili 2007-ci ildən əvvəl olmayan avtomobillərə verilə bilərdi.


DOSTLARINLA PAYLAŞ:

oyunlar