Soçi görüşü konstruktiv olub
10 Mart 2011 Cümə Axşamı 16:01
Rusiya Federasiyasının Bakıdakı səfiri Vladimir Doroxin Gəncədə jurnalistlərə açıqlama verib
"Martın 5-də Soçidə Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin üçtərəfli görüşü konstruktiv keçib və Qarabağ münaqişəsinin nizamlanmasında növbəti addım olub". Rusiya Federasiyasının Bakıdakı səfiri Vladimir Doroxin belə hesab edir.

"Bu, prezidentlərin səkkizinci görüşü idi. Bizim fikrimizcə, o konstruktiv olub", - deyə Rusiya diplomatı Gəncədə jurnalistlərə bildirib.

V.Doroxin xatırladıb ki, Soçidə görüşün yekunları üzrə münaqişənin XİN rəhbərləri səviyyəsində nizamlanması işinin davam etdirilməsi haqqında razılıq əldə edilib. "Ümid edirik ki, sonrakı görüşlər də olacaq və tədricən hər iki tərəfi qane edən razılıq əldə olunacaq", - deyə səfir söyləyib.

V.Doroxin həmçinin martın 8-də erməni snayperi tərəfindən cəbhəyə yaxın zonada azərbaycanlı uşağın qətli ilə bağlı təəssüfünü və belə hadisələrin qarşısının alınması üçün tədbirlərin görülməsinin vacibliyini bildirib.

Gəncəyə səfəri haqqında danışarkən, Rusiya səfiri qeyd edib ki, bu səfər tanışlıq xarakteri daşıyır.
"Mən Gəncə haqqında çox oxumuşam, bu şəhərin tarixi və ölkə iqtisadiyyatında yeri haqqında çox eşitmişəm. Mənim indiki səfərim tanışlıq xarakteri daşıyır. Çox şadam ki, mən Gəncə İcra Hakimiyyətinin yeni başçısının birinci əcnəbi qonağı oldum", - deyə o vurğulayıb.

V.Doroxin Gəncəyə səfəri çərçivəsində artıq 4 saylı şəhər orta məktəbində və Gəncə avtomobil zavodunda olub.



DOSTLARINLA PAYLAŞ:

oyunlar