Siyəzənin Eynibulaq kəndinə su çəkilib
23 Dekabr 2011 Cümə 16:31
İndiyə qədər bu kəndə içməli su səyyar maşınlarla daşınırdı.
“Azərsu” ASC kənd yaşayış məntəqələrində əhalinin su təchizatının yaxşılaşdırılmasına xüsusi diqqət yetirir. “Azərsu” ASC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, bu məqsədlə 2011-ci ildə bir neçə rayonda yeni layihələrin icrasına başlanıb.
Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il ərəfəsində Siyəzən rayonunun Eynibulaq kəndinin su təchizatı sistemi istismara verilib. Bununla bağlı keçirilən tədbirdə “Azərsu” ASC-nin “Birləşmiş Sukanal” MMC-nin sədri Etibar Məmmədov bildirib ki, “Azərsu” ASC iri şəhər və rayon mərkəzləri ilə yanaşı kənd və qəsəbələrin də içməli su təchizatının yaxşılaşdırılması istiqamətində tədbirlər həyata keçirir.
Səhmdar Cəmiyyətin təsdiq etdiyi Tədbirlər Planına uyğun olaraq içməli su çatışmazlığından əziyyət çəkən Siyəzən rayonunun Eynibulaq kəndinə su verilib. “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramına” uyğun olaraq Eynibulaq kəndinə Siyəzən şəhərindəki mərkəzi anbardan 8,5 km uzunluğunda magistral, 500 metr uzunluğunda məhəllədaxili su xətti çəkilmiş və kəndin ərazisində 100 kubmetr tutumu olan anbar tikilib. Siyəzən şəhərindən yüksəklikdə yerləşən kəndə su nəql etmək üçün nasosxana inşa edilib. “Azərsu” ASC-nin daxili maliyyə imkanları hesabına görülən işlər nəticəsində Eynibulaq kəndinin 964 nəfər sakinin içməli su problemi həll olunub.
Qeyd edək ki, indiyə qədər kəndə içməli su səyyar maşınlarla daşınırdı.
DOSTLARINLA PAYLAŞ: