Serj Sarkisyan da müharibə ehtimalından danışdı
22 İyul 2010 Cümə Axşamı 01:35
Serj Sarkisyan Madrid prinsiplərini qəbul edib-etmədiyini bu dəfə də açıq şəkildə bəyan etmədi və yalnız “bu sənəd danışıqların davam etdirilməsinə imkan verir” dedi
“Hazırda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqlar masasında Madrid prinsipləri var və onların əsasında Sankt-Peterburqda yeni təkliflər təqdim olunub”. Bunu Ermənistan prezidenti Serj Sarkisyan İrəvanda erməni diasporunun nümayəndələri ilə görüşdə deyib. Nə qədər qəribə olsa da, Serj Sarkisyan rəsmi Bakının yeni təklifləri qəbul etmədiyini bildirib: “Əgər Azərbaycan ATƏT-in Minsk qrupu tərəfindən təqdim olunan təklifləri qəbul etdiyini desə, danışıqlar davam edəcək. Əks təqdirdə başqa yollar seçiləcək. Bəli, danışıqlar davam edir. Sankt-Peterburqda edilmiş təkliflər var. Biz deyiri kki, bu sənəd danışıqların davam etdirilməsinə imkan verir. Görək, Azərbaycan nə deyəcək”.
Serj Sarkisyannın sözlərinə görə, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin Almatı bəyanatında Dağlıq Qarabağ münaqişəsinin həlli üç prinsipə-ərazi bütövlüyü, öz müqəddəratını təyinetmə hüququ və güc tətbiq edilməməsinə əsaslanmalıdır: “Bundan başqa, qeyd olunub ki, bu prinsiplərin hər üçün bərabər gücdədir və onlardan hər hansı biri digərindən üstün tutula bilməz”.
Qeyd edək ki, Azərbaycan tərəfi Madrid prinsiplərinin yenilənmiş variantını qəbul etdiyini dəfələrlə bəyan edib. Lakin rəsmi İrəvanın bu prinsipləri qəbul etdiyi indiyədək açıqlanmayıb. Heç Serj Sarkisyan diaspor nümayəndələri ilə görüşündə də belə bir bəyanat verməyib. Onun dediyi yalnız “bu sənəd danışıqların davam etdirilməsinə imkan verir” olub. Bu isə Madrid prinsiplərinin qəbul edilməsi kimi başa düşülə bilməz. Azərbaycan rəsmilərinin dəfələrlə bəyan etdiyi kimi Ermənistan yeni təkliflərdən danışıqları uzatmaq üçün istifadə edir.
ANSPRESS
DOSTLARINLA PAYLAŞ: