Səhiyyə Nazirliyi ANS-in aparıcısının ailəsindəki ölüm hadisəsinə münasibət bildirib
26 Oktyabr 2013 Şənbə 11:50
Hadisənin Səhiyyə Nazirliyi yanında yaradılmış Doğuşa Yardım Komissiyası tərəfindən araşdırılacağı bildirilir.
Səhiyyə Nazirliyi telejurnalist Afət Telmanqızının ailəsində baş verən ölüm hadisəsinə münasibət bildirib.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu hadisə Səhiyyə Nazirliyi yanında yaradılmış Doğuşa Yardım Komissiyası tərəfindən araşdırılacaq, həkimlərin rəyi, Tibbi Ekspertizanın nəticələri məlum olduqdan sonra yaxın günlərdə məsələyə aydınlıq gətiriləcək.

Qeyd edək ki, telejurnalist Afət Telmanqızının qardaşının həyat yoldaşı Pərvinə Hüseynova ötən gün Mirqasımov adına Respublika Klinik Xəstəxanasında dünyasını dəyişib.

P. Hüseynovanın bibisi qızı, ANS-in və “Səs” TV-nin keçmiş əməkdaşı Məhsəti Şərif hələ bir müddət əvvəl məlumat vermişdi ki, bir neçə gün qabaq dayısı qızı Sumqayıtda qeysəriyyə üsulu ilə doğuş edib: “Doğuşdan sonra qəfildən vəziyyəti pisləşdi. Qan faizi 31-ə düşdü. Həkimlər dedi ki, təcili qan lazımdır. Əməliyyatda çox qan itirib. Qan verilsə də, xəstənin bədəni qanı götürmədi. Təzyiq daha da yüksəldi və o, komaya düşdü. Sonra “savadlı” həkimlərimiz dedi ki, mədəaltı vəzində problem var, bir sürü dərman aldırdılar. Amma getdikcə xəstənin vəziyyəti pisləşdi. Bu dəfə də hepatit B diaqnozu qoydular. İki gün də bununla məşğul oldular və bu diaqnoz da yalan çıxdı. Vəziyyət o yerə çatdı ki, artıq dayım qızı ölümcül hala gəldi. Hətta ambulansa da mindirməyə icazə verilmədi. Səhiyyə Nazirliyinə şikayətdən sonra helikopterlə Respublika Xəstəxanasına gətirildi. Orada məlum oldu ki, qızın iki böyrəyi də işləmir və zəhərlənmə gedir. Bədən də şişib və göyərib. 3 gündür ki, dializ edirlər, amma böyrək açılmır. Bu gün yenidən əməliyyat olundu və məlum oldu ki, bizim üzdəniraq həkimlərimiz doğum zaman “sonluq, cift” deyilən şeyi götürməyiblər, qızın bətnində qalıb, qana zəhərlənmə keçib. Hazırda əməliyyat qurtarsa da, hələ də böyrəklər fəaliyyətini bərpa etməyib. Ümid edirəm ki, dayım qızı sağalacaq və öz yeni doğulmuş körpəsini qucağına alacaq. İnsallah, o həkimlərin də cəzası verilər”.

Mərhumun qohumları məsələ ilə əlaqədar artıq Səhiyyə Nazirliyinə müraciət ediblər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar