Şəhid hərbçilərlə vida mərasimi başa çatdı
07 Noyabr 2010 Bazar 17:05
Tədbirdə prezident İlham Əliyev də iştirak edib.
Bu gün Azərbaycanın şəhid hərbçiləri Mübariz İbrahimov və Fərid Əhmədovla Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzində keçirilən vida mərasimi artıq başa çatıb. Mərasimdə Azərbaycan prezidenti İlham Əliyev və digər rəsmi şəxslər iştirak edib.
Şəhidlərin harada dəfn olunacağı ilə bağlı rəsmi məlumat verilməsə də, artıq ikinci Fəxri Xiyabanda dəfn mərasimi üçün hazırlıq işləri başa çatıb.
Qeyd edək ki, Mübariz İbrahimov və Fərid Əhmədovun meyitləri Səhiyyə Nazirliyinin Məhkəmə-Tibb Ekspertizası və Pataloji Anatomiya Birliyindən adət-ənənəyə uyğun dəfn edilmək üçün "Təzə pir" məscidində yuyulub.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının işçi qrupunun rəhbəri Firudun Sadıqov ANS-ə açıqlamasında iki şəhidin layiq olduğu kimi, müsəlman qaydalarına uyğun, yüksək səviyyədə ana torpağa tapşırılacağını bildirib.
Xatırladaq ki, gizir Mübariz İbrahimov bu il iyunun 18-də, zabit Fərid Əhmədov isə sentyabrın 4-də cəbhənin Tərtər istiqamətində düşmənin hücumunu dəf edərkən qəhrəmancasına şəhid olublar. Prezident İlham Əliyevin sərəncamı ilə Mübariz İbrahimova Azərbaycanın Milli Qəhrəmanı adı verilib.
Meyitlər oktyabrın 27-də Həştərxan şəhərində Dmitri Medvedyev, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan arasında keçirilən görüşündə imzalanan bəyannaməyə uyğun olaraq qaytarılıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: