Səhər 2 telekanalından ağ yalan
21 May 2011 Şənbə 23:06
Səhər 2 telekanalından ağ yalan. Cənub qonşumuzun bu dəfə efirində birinci Qarabağ müharibəsi müzakirə olunub.
İranın “Səhər 2” telekanalı Azərbayana və Azərbayan hakimiyyətinə qarşı verilişlər yayımlamaqda davam edir. Cənub qonşumuzun bu dəfə efirində birinci Qarabağ müharibəsi müzakirə olunub və İranın Azərbaycana hərbi yardım etdiyi bildirilib. Amma dövrün azərbaycanlı rəsmiləri müdafiə naziri Rəhim Qazıyev və daxili işlər naziri İsgəndər Həmidov bu xəbəri ağ yalan adlandırırlar.

Telekanal İranın Ərdəbil şəhərinin İmam Cüməsi və ölkənin ali dini lideri Ayətullah Əli Xameneinin bu şəhərdəki səlahiyyətli nümayəndəsi Seyid Həsən Amuliyə istinad edir. Amuli bəyan edib ki, Qarabağ müharibəsi zamanı İran Azərbaycanı silah və döyüş sursatları ilə təmin edib. Onun sözlərinə görə, İran həmçinin Əfqanıstandan döyüşçülərin Qarabağa gətirilməsi üçün konkret addımlar atıb. Seyid Həsən Amali deyib ki, Şuşada gedən döyüşlər zamanı İran tərəfi silahla dolu avtomobilləri Azərbaycana göndərib. Onun sözlərinə görə, həmin vaxt müdafiə naziri Rəhim Qazıyev və Rövşən Cavadovun rəhbərliyi ilə Azərbaycan-İran birgə müdafiə qərargahı da yaradılıb. Orda təmsil olunan Təbriz və Ərdəbil generalları da Azərbaycana kömək ediblər. “Səhər 2” kanalı hətta Rövşən Cavadovun qardaşı, 1992-94-cü illərdə Xətai rayon prokuroru olmuş və hazırda Avstriyada yaşayan Mahir Cavadovla telekörpü qurub. Mahir Cavadov da telekörpü zamanı çıxışında Amilinin dediklərini təsdiqləyib.


“İranın Azərbaycan-Ermənistan birinci Qarabağ müharibəsində Azərbaycana kömək etməsi barədə Seyid Həsən Amulinin sözlərini təsdiqləyirəm. Rövşən Cavadovla Əfqanıstandan cənab Hikmətyarın köməyi ilə bizə 1000 əsgər verildi. İran Əfqanıstandan 1000 artıq əsgəri öz ərazisi ilə Azərbaycana gətirdi. Sizə deyim ki, burada Azərbaycan rəsmilərinin heç bir rolu yox idi. Ancaq biz İran rəsmiləri ilə Rövşən Cavadov, Mahir Cavadov kimi hərəkət edirdik, öz adımızdan danışırdıq”,- deyə Mahir Cavadov bildirib.


ANS-in əməkdaşı bunların nə qədər həqiqətə uyğun olduğunu öyrənmək üçün həmin illərdə daxili işlər və müdafiə nazirləri işləmiş İsgəndər Həmidov və Rəhim Qazıyevlə əlaqə saxlayıb. Onlar isə Qarabağ müharibəsi zamanı İranın heç vaxt Azərbaycana kömək etmədiklərini bildirdilər. 1992-93-cü illərdə daxili işlər naziri olmuş İsgəndər Həmidov deyib ki, Qarabağ müharəsi vaxtı əksinə İran ermənilərə yardımlarını əsirgəməyib. O, Mahir Cavadovun və Seyid Həsən Amalinin İranın Azərbaycana yardım etməsi ilə bağlı səsləndirdiyi bəyanatları absurd adlandırır. Hətta 1992-ci ildə Ağdərəni ermənilərdən azad etdiyi vaxt İran istehsalı olan çoxlu sayda məhsullar aşkarlanıb.


“Onlar Azərbaycan dövlətinə, Azərbaycan müxalifətinə, Azərbaycan iqtidarına danışmaqla ortaya çıxmasın. Sadəcə olaraq bunlar yemlənib və farslardan nəsə xeyir götürmək istəyir. Biz o vaxt akopdan gedirdik, oradan çıxmış bütün ermənilərin yerdə qalan geyimləri, sursatları, ərzaqlarının üzərində İranda istehsal olunduğu yazıldığını aşkar etdik. Mahir Cavadovun döyüş və döyüş bölgəsindən xəbəri yox idi. Amma burada söhbət Rövşən Cavadovdan getsəydi, onda deyə bilərdim ki, onun dediyi faktlar əsaslıdır”, - deyə İsgəndər Həmidov əlavə edib.

Döyüş zamanı ermənilərin yeməyində İran istehsalı olduğun yazıldığını deyən 1992-93-cü illərdə daxili işlər naziri olmuş İsgəndər Həmidov bildirib ki, İranın köməyi- o vaxtlar Ermənistana kömək etməməyi olardı: “İran Azərbaycana kömək etmək istəsəydi, Cəbrayıl, Qubadlı onlara sərhəd idi, Azərbaycanı orada vurub Araz çayın düşəndə kömək edərdi.


Həmin dövrlərdə müdafiə naziri işləmiş Rəhim Qazıyev də deyib ki, həmin dövrdə İranın Azərbaycana hərbi yardım etməsi ilə bağlı hər hansı bir faktın şahidi olmayıb. Seyid Həsən Amaliyə gəlincə isə Azərbaycan-İran birgə müdafiə qərargahı da yaradılmasına dair səsləndirdiyi fikirlər isə bu da tamamilə həqiqətə uyğun deyil: “Belə bir sual ortaya çıxır ki, bu komitə haradadır? Generallar kimdir? İranın həmin dövrdə dövlət olaraq Ermənistan-Azərbaycan münaqişəsi dövründə kifayət qədər köməyi olub. Mayın 7-8-də Şuşaya hücum ərəfəsində Yaqub Məmmədov Ter-Petrosyan arasında İranın vasitəçiliyi ilə sülh danışıqları gedirdi. Bu ərəfədə isə Ermənistan hücum edərək Şuşanı işğal etdi. Sanksiya tətbiq etməli idi, onda heç İranın səsi də çıxmadı. Belə çıxır ki, İran Ermənistanla danışıqlar aparıb ki, mən bunların başının qatacağam, siz isə hücum edin”.


Rəhim Qazıyevin sözlərinə görə, həmin illərdə İranın Azərbaycandakı səfiri Nəhənani dəfələrlə onunla görüşüb və İrana səfər edərək o vaxtkı prezident Əli Əkbər Haşəmi Rəfsancani ilə görüşməsini təklif edib. Bunun əvəzində isə Rəhim Qazıyev bu görüşdən imtina edib və İran Azərbaycana kömək etmək istəyirsə bunun görüşsüz də edə bilər deyərək İrana getməyib. Bununla da Rəhim Qazıyev İranın Azərbaycana həmin dövrdə yardım etməsi ilə bağlı heç bir danışınqların olmadığın deyir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar