Səfir: "İordaniyada vəziyyət sabitdir"
01 Fevral 2011 Çərşənbə Axşamı 23:20
"Yalnız cümə günləri xütbədən sonra bir qrup insan dinc aksiyalar keçirir".
Azərbaycanın İordaniyadakı səfiri Elman Araslı son bir neçə gün ərzində bəzi mətbu orqanlar və TV kanallar tərəfindən İordaniyada iğtişaşların və davamlı kütləvi aksiyaların baş verməsi barədə yayılmış xəbərləri şərh edib. Səfirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, bu xəbərlər həqiqəti əks etdirmir. Səfir bir sıra Azərbaycan KİV-lərindən də səfirliyə zənglərin edildiyini və narahatlıqla ölkədəki iğtişaşlar, İordaniyada yaşayan azərbaycanlıların vəziyyəti, onların həyatlarına təhlükə və s. barədə suallar verildiyini qeyd edib. Səfir bildirib ki, İordaniyada vəziyyət tam sabitdir, ölkədə heç bir təlatüm, kütləvi iğtişaş və qarətlər baş vermir.

"Hakimiyyət ölkədəki vəziyyətə tam nəzarət edir. Azərbaycanın İordaniyadakı səfirliyi öz işini adi qaydada davam etdirir. Səfirliyin əməkdaşlarının və onların ailə üzvlərinin, habelə İordaniyada yaşayan azərbaycanlıların həyatlarına heç bir təhlükə yoxdur. Paytaxtın küçələrində, mühüm dövlət obyektlərinin qarşısında mühafizə adi rejimdə çalışır. Hava limanları normal rejimdə işləyir, ölkəyə turistlər gəlməyə davam edir", - deyə diplomat vurğulayıb.

Yalnız cümə günləri xütbədən sonra bir qrup insanın dinc aksiyalar keçirərək öz tələbləri ilə bağlı şüarlar səsləndirdiyini söyləyən səfir həmin şəxslərin narazılığının ölkədə hökm sürən sistemə və siyasi rejimə, hakim sülaləyə qarşı deyil, əsasən hökumətə qarşı yönəldiyini qeyd edib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar