Səfər Əbiyev:
13 Mart 2012 Çərşənbə Axşamı 13:31
"Azərbaycanın mövqeyinin İran islam Respublikası tərəfindən müdafiə olunması böyük əhəmiyyətə malikdir"
Azərbaycanın nüdafiə naziri, general-polkovnik Səfər Əbiyevin İran İslam Respublikasının müdafiə və silahlı qüvvələrə dəstək naziri, general-mayor Əhməd Vəhidi ilə görüşdə çıxışının tam mətni açıqlanıb. ANS PRESS Müdafiə Nazirliyinin mətbuat xidmətinəistinadən S. Əbiyevin çıxışının tam mətnini təqdim edir:
"Hörmətli cənab Nazir!
Məni rəsmi səfərə dəvət etdiyinizə və göstərdiyiniz qonaqpərvərliyə görə təşəkkürümü bildirirəm.
Azərbaycan-İran əlaqələrinin çox böyük tarixi var. Qonşu və dost ölkə olmaqdan əlavə xalqlarımızı müştərək tarixi, dini, mədəni dəyərlər birləşdirir.
Azərbaycan Respublikasının və İran İslam Respublikası rəhbərliyinin siyasi iradəsi əsasında ölkələrimiz arasında münasibətlərin inkişafı üçün yaxşı imkanlar mövcuddur. Prezident İlham Əliyev və prezident Mahmud Əhmədinejad arasında yaranmış dostluq münasibətləri hərtərəfli əməkdaşlığımıza xüsusi töhfə verir.
Böyük məmnuniyyətlə qeyd edirəm ki, bu gün, miladi tarixlə mart ayının 12-də Azərbaycan Respublikası ilə İran islam Respublikası arasında diplomatik əlaqələrin qurulmasının 20 ili tamam olur.
Ötən 20 il ərzində istər ikitərəfli münasibətlər çərçivəsində, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı maraqlara cavab verən əməkdaşlıq və fikir birliyi nümayiş etdirilib. Xüsusilə ölkəmizin ərazi bütövlüyünün dəstəklənməsi istiqamətində Azərbaycanın mövqeyinin İran islam Respublikası tərəfindən müdafiə olunması böyük əhəmiyyətə malikdir.
Azərbaycan tərəfi də dəfələrlə bildirib ki, İran İslam Respublikası ilə dost və mehriban qonşuluq siyasətinə sadiqdir.
Bu mövqe cari ilin 7 mart tarixində Azərbaycan, İran və Türkiyə xarici işlər nazirlərinin Naxçıvanda keçirilən üçtərəfli görüşündə qəbul edilmiş Bəyanatda bir daha əksini tapmış və tərəflər öz ərazilərinin düşmənçiliyə gətirib çıxara bilən hər hansı bir təhdid və ya fəaliyyət üçün istifadə edilməsinə heç bir halda icazə verməyəcəkləri barədə qətiyyətli olduqlarını ifadə edilər.
Cənab nazir!
Bilirsiniz ki, hazırda bölgəmizin təhlükəsizliyini təhdid edən ən ciddi məsələlərdən biri Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasətidir. Azərbaycan Respublikasının 20 faiz ərazisini zəbt etmiş Ermənistan tərəfi problemin dinc yolla həlli üçün göstərilən cəhdlərə əngəl yaradır.
Buna əsas səbəb beynəlxalq aləmin Ermənistanı təcavüzkar kimi tanımaması, eləcə də işğalçıya iqtisadi və hərbi yardım göstərilməsidir.
Hamıya yaxşı məlumdur ki, Azərbaycan Respublikası, o cümlədən onun ordusu sürətlə inkişaf edir. Biz öz torpaqlarımızı hərbi yolla azad etməyə hazırıq və Azərbaycan ərazilərinin işğaldan azad ediləcəyi heç kimdə şübhə doğurmamalıdır.
Biz bölgədə sülhün, sabitliyin, əmin-amanlığın olmasını istəyirik. Buna nail olmaq üçün region dövlətlərinin tam təhlükəsizliyinin qarşılıqlı bərabərlik prinsipi əsasında təmin olunması çox vacibdir. Buna görə də, biz çalışmalıyıq ki, bu istiqamətdə səylərimizi birləşdirək.
Son illər ərzində ölkələrimizin Müdafiə Nazirlikləri arasında da mütəmadi görüşlər və müzakirələr davam edir. İnanırıq ki, belə görüşlər qarşılıqlı fikir birliyinin, bölgənin təhlükəsizliyi ilə bağlı ortaq mövqenin əldə edilməsində faydalıdır.
Bütün sahələrdə olduğu kimi hərbi sahədə də Azərbaycan-İran əməkdaşlığının genişlənməsi ölkələrimiz arasında münasibətlərin dərinləşməsinə və regionda sabitliyin bərqərar olunmasına yardım edəcək.
Cənab nazir!
Dəvətinizə və qonaqpərvərliyinizə görə bir daha öz təşəkkürmü bildirirəm. Bu Bahar günlərində sülh, bərabərlik, qardaşlıq bayramı olan Novruzu qarşılamağa hazırlaşan İran İslam Respublikasının xalqına əmin-amanlıq və xoşbəxt gələcək, Sizə isə ölkənizin müdafiə qüdrətinin gücləndirilməsi istiqamətindəki fəaliyyətinizdə uğurlar arzulayıram.
Diqqətinizə görə sağ olun!"
DOSTLARINLA PAYLAŞ: