Sarkisyandan separatçı bəyanatlar
17 Noyabr 2010 Çərşənbə 00:25
“Dağlıq Qarabağ Azərbaycandan daha demokratik ölkədir”
“Allah şahiddir ki, erməni xalqı müharibə istəmir. Biz indi də birinci hücum etməyəcəyik. Amma bizə ünvanlanan çağırışa da əhəmiyyətsiz yanaşmayacağıq. Biz öz torpağımızda möhkəm olmuşuq, bu gün də möhkəmik, gələcəkdə daha möhkəm olacağıq”. Bu bəyanatla Ermənistan prezidenti Serj Sarkisyan “Hayastan” fondunun Moskvada keçirdiyi qala-gecədə deyib. O, verdiyi bəyanatlarla bir daha sübut edib ki, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli ilə nikbin baxışlar heç də reallığı əks etdirmir. Məsələn, Ermənistanın dövlət başçısı münaqişənin həllində vasitəçilik missiyasını üzərinə götürmüş bir ölkənin paytaxtında deyib: “Dağlıq Qarabağ daim möhkəmlənən dövlətdir. Bu ölkə qonşu Azərbaycandan daha demokratikdir. Problemin nizamlanması ətrafında danışıqlar davam etdirilir. Azərbaycan Dağlıq Qarabağın öz müqəddəratını təyin etməsinin alternativinin olmadığını nə qədər tez anlasa, danışıqlar da bir o qədər tez başa çatar”.

Qeyd edək ki, rəsmi Bakı xalqların öz müqəddəratını təyinetmə hüququ ilə bağlı mövqeyini dəfələrlə bəyan edib. Məsələn, Prezident İlham Əliyev Ukrayna mətbuatına ötən ay verdiyi müsahibədə bildirmişdi ki, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüququn norma və prinsipləri əsasında həll olunmalıdır: “Azərbaycanın ərazi bütövlüyü təmin edilməli, işğalçı qüvvələr işğal olunmuş ərazilərdən-təkcə Dağlıq Qarabağdan yox, həm də onun ətrafındakı yeddi rayondan-çıxarılmalıdır. Əhalinin öz müqəddəratını təyin etməsinə gəlincə, bu məsələ Azərbaycanın ərazi bütövlüyü çərçivəsində uğurla həll oluna bilər. Bunun üçün erməni tərəfinin siyasi iradəsinə və vasitəçilərin aktiv mövqeyinə ehtiyac var. Azərbaycan heç vaxt öz ərazilərinin itirilməsi ilə barışmayacaq. Biz ərazi bütövlüyümüzü təmin edəcəyik. Çox istərdik ki, bu, tezliklə, hərbi əməliyyatlar keçirilmədən baş versin”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar