Sabirabada giriş-çıxış bağlandı
12 May 2010 Çərşənbə 12:40
Bu gecə rayonun sel basan iki kəndinin 4 minə yaxın əhalisi evsiz qalıb.
Sel və daşqınların baş verdiyi Sabirabad rayonunda vəziyyət gərginləşib. ANS-in hadisə yerində olan müxbirinin məlumatına görə, rayona giriş-çıxış bağlanıb. Belə ki, Sabirabada olan hər iki girişi su basıb, ərazilərdə postlar qurulub. Əsas magistral yolu isə bir həftə əvvəl su basmışdı. Yol boyu ötən gün su altında qalmış Ulucalı və Azada kəndlərinə yardım aparan beton dolu maşınlar müşahidə edilir.

Məlumata görə, hazırda rayonun Ulucalı kəndinə polis nəzarət edir. Bura mülki vətəndaşlar buraxılmır. Kəndə yalnız xüsusi icazə ilə keçmək mümkündür.

Ulucalı və Azada kəndlərinin əhalisi isə Şirvan, Hacıqabul rayonlarında, eləcə də Sabirabad stadionunda salınmış çadır şəhərciyinə yerləşdirilib. Ümumilikdə hər iki kənddə 4 minə yaxın insan evsiz qalıb.

Qeyd edək ki, gecədən başlayaraq bəndvurma işləri davam etsə də, kəndə suyun qarşısını almaq mümkün olmayıb. Belə ki, Ulucalıda əvvəl bəndlərdən biri sıradan çıxmışdısa, bu gecə ikinci bənd də dağılıb. Kənddə suyun səviyyəsi bənddən hündürdür. Bu istiqamətdə Kürün səviyyəsi 60 sm-ə kimi qalxıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar