Sabirabad seldən sonra
15 May 2010 Şənbə 21:35
İlkin məlumata görə 600-dən çox ev qəza vəziyyətindədir.
Fəlakət bölgəsi olan Sabirabadın su basmış kəndlərində ilkin məlumata görə 600-dən çox ev qəza vəziyyətindədir. Təhlükənin sovuşduğu kəndlərə isə əhalinin köçü davam etdirilir.

Şirvanla Sabirabad arasındakı Bayramlı qəsəbəsində sel sularının yuduğu bənd bir neçə gün bundan əvvəl bağlanıldığından Sabirabad rayonu ərazisinə axan sel sularının qarşısı tam alınıb. Əgər ilk günlər bu ərazidən 2-3 metr səviyyəsində su keçirdisə, hazırda burada demək olar ki, su yoxdur. Bu ərazidə indi yalnız xırda gölməçələr müşahidə edilir.

Qeyd edək ki, Sabirabadın Şirvan istiqamətindən su basmış dörd yaşayış məntəqəsinə - Sərxanbəyli, Çöl-Ağamədli, Bala-Həşimxanlı və Əlləmbəyli kəndlərinə kütləvi şəkildə xüsusi avtomobillərlə 801 nəfər vətəndaş köçürülüb. Bu da həmin ərazidə yaşayışın mümkün olması ilə əlaqədardır. Köçürülən əraziyə dövlət xətti ilə ərzaq və paltar dəstlərindən ibarət yardım da göstərilib. Digər köçkünlərin ev-eşiklərinə qayıtması isə yaxın vaxtlarda mümkün olacaq. İlkin məlumatlara əsasən, rayon ərazisində 600-ə yaxın qəzali və uçan ev var. Bu evlərdə təmir bərpa işləri aparılandan və yeniləri tikiləndən sonra əhalinin digər qismi də köçürüləcək.

Bu gün isə rayon ərazisində Kürün səviyyəsi 21 santimetr yüksəlib. Bu yüksəlmə, o cümlədən Araz çayında, Naxçıvan ərazisində suyun artması ilə bağlı “Meliorasiya və Su Təsərrüfatı” Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə narahatlıq üçün ciddi əsas olmadığını bildirib.

Su artımı var, amma bu günə hələ Naxçıvanda artım hiss olunmur. Hazırda Araz çayının Naxçıvandan keçən hissəsində saniyədə 570 kubmetrə qədər su axır. Yarana biləcək sel təhlükəsinin qarşısını almaq üçün Naxçıvandakı su anbarından buraxılan suyun həcmi nisbətən artırılıb. Hazırda İranla Xudafərin su anbarından buraxılacaq suyun həcmi ilə bağlı isə danışıqlar aparılır”,-deyə Əihməd Əhmədzadə bildirib.

Fəlakət zonasında olan fövqəladə hallar naziri Kəmaləddin Heydərov bildirib ki, yaxın gələcəkdə suların idarə olunması istiqamətində yeni proqram işlənib hazırlanacaq. Nazirin sözlərinə görə, bu proqram əsasında görülən tədbirlər nəticəsində bu tipli fəlakətlərin qarşısı alınacaq.

“Bu günə həm Bayramlıda, həm Mürsəllidə vəziyyət normallaşıb. Bayramlıda qurulan bənddə artıq sızma yoxdur, Mürsəllidə isə son tamamlama işləri görülür”,-deyə bildirən Kəmaləddin Heydərov onu da qeyd edib ki, Saatlıda Sarısu gölündə baş verən su basmalarının demək olar ki, qarşısı alınıb və bu ərazilərdə təhlükə gözlənilmir. Hadisə yerində olan səhiyyə naziri Oqtay Şirəliyev son 10 gün ərzində, baş verən təbii fəlakət zamanı nə çadırlarda, nə də rayonlar ərazisində heç bir yoluxucu xəstəliyin qeydə alınmadığını bildirib.

Fəlakət zonasında əhalinin mal-qarası da nəzarətə götürülüb. Bu gün Kənd Təsərrüfatı Nazirliyinin və Baş Baytarlıq İdarəsinin səlahiyyətli şəxsləri fəlakət zonasında olublar. Şirvan şəhər baytarlıq İdarəsinin rəisi Yasər Əsgərovun verdiyi məlumata görə, görülən profilaktiki tədbirlər nəticəsində heyvanlar arasında da yoluxucu xəstəliklər, o cümlədən ilanvurma halları qeydə alınmayıb.

Qeyd edək ki, hazırda təbii fəlakət zonasında stabilləşmə prosesi gedir və bəndlərin möhkəmləndirilməsi işləri davam etdirilir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar