Rəsmi Bakı həmsədrlərə şans verib
10 Sentyabr 2010 Cümə 21:35
Vasitəçilər Dağlıq Qarabağdakı vəziyyəti obyektiv qiymətləndirməlidirlər.
Məlum olduğu kimi BMT-nin 64-cü sessiyası plenar iclasının gündəliyinə salınan “Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyətə dair” qətnamə layihəsinin müzakirəsi təxirə salınıb. Bununla bağlı rəsmi Bakının qərarını BMT-nin tribunasından Azərbaycan Respublikasının BMT-də daimi nümayəndəsi Aqşin Mehdiyev səsləndirib. O, buna səbəb kimi ATƏT-in Minsk qrupu həmsədrlərinin Azərbaycanın işğal edilmiş ərazilərində humanitar vəziyyətin öyrənilməsinə dair beynəlxalq missiyanının göndərilməsi barəsində razılığın əldə olunmasını göstərib. Bu missiyada o, digər beynəlxalq qurumların nümayəndərinin təmsil olunacağını da deyib.
“Sentyabrın sonları və oktyabrın ortalarınadək olan müddətdə həmsədrlər ərazini dəyərləndirmə missiyası və ərazilərdə humanitar vəziyyəti müşahidə etmək üçün regiona qayıdacaq. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının ofisindən nümayəndələr də daxil olmaqla, yüksək səviyyəli məsləhətçilər və ekspertlərdən ibarət qrupun da bu missiyada həmsədrləri müşayiət edəcəyi gözlənilir. Bu, 2005-ci ilin əvvəllərində reallaşan ATƏT-in fakt araşdırıcı missiyasından sonra bu ərazilərə ilk beynəlxalq missiya olacaq”,- deyə Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Aqşin Mehdiyev bildirib.
Ermənistan nümayəndəsinin də məsələ ilə bağlı ölkəsinin mövqeyini səsləndirəcəyi gözlənilsə də, Aqşin Mehdiyevin çıxışından sonra erməni tərəfi çıxış üçün söz istəməyib.
Beynəlxalq missiyanın işğal olunmuş ərazilərə səfərinə böyük önəm verən Azərbaycanın Xarici İşlər Nazirliyi isə həmsədrlərin Xankəndinə Azərbaycandan Dağlıq Qarabağın ətrafında işğal olunmuş bölgədən keçərək getməsini beynəlxalq missiyanın səfərinin ilkin mərhələsi kimi qiymətləndirir. Nazirliyin mətbuat xidmətinin rəhbəri Elxan Poluxovun sözlərinə görə, əslində Azərbaycan BMT-də qətnamə layihəsinin müzakirəsini təxirə salması addımı da məhz beynəlxalq missiyanın işini uğurla aparmasına hesablanıb: “Biz istəyirik ki, bu missiyanın həyata keçirilməsində heç bir mane yaranmasın və missiyanın həyata keçirilməsi üçün müvafiq şərait yaradılsın. Bu addımla, ümumiyyətlə, gündəmdən çıxarılmasına yol verməmişdik. Sadəcə olaraq burada işğal altında olan ərazilərdəki vəziyyətlə bağlı bəndin 65-ci sessiyanın gündəminə salınması xahiş olunub. Ümid edirik ki, bu müddəa öz yerini tapacaq”.
Qeyd edək ki, “Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyətə dair” qətnamə layihəsinin BMT-nin 65-ci sessiyasının plenar iclasında yenidən müzakirəyə çıxarılması nəzərdə tutulub. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: