Ramin Hacılı İrevanda ermeni işğalından danışdı
19 Oktyabr 2013 Şənbə 14:35
Ramin Hacılı: Mənim kimi yüzminlərlə insanı evindən çıxarmaq nəinki ermənilərin, heç bir xalqın seçimi ola bilməz.
Azərbaycan Avropa Hərəkatının Prezidenti Ramin Hacılı və hərəkatın Sülh Quruculuğu üzrə eksperti Həmidə Qiyasbəyli Ermənistanın paytaxtı İrəvanda səfərdədir. "Modern.az"ın məlumatına görə, səfər çərçivəsində bu gün İrəvanda mətbuat konfransı keçirilib və Ramin Hacılının Mətbuat konfransındakı çıxış edib:
"Mən çox şadam ki, insanlığın çatmış olduğu ən böyük dəyər olan sülhün yaranması üçün Beynəlxalq Avropa Hərəkatının təşəbbüsündə tərəf kimi iştirak edirəm. Bu, həqiqətən qürurvericidir. Biz anlayırıq ki, sülh yaratmaq savaş yaratmaqdan daha çətindi. Xüsusən maraqlı və mənfəət qruplarının sülhün olmamasına çalışdığı bir zamanda biz az gücümüzlə ədaləti bərqarar etməyə çalışırıqsa, bu, həqiqətə olan inamımızdır. Həqiqətləri bərqərar etmək üçün onları açıq şəkildə dilə gətirmək vacibdir. Buna görə də səmimiyyət tikanlı olsa belə, biz qorxmadan həqiqətləri dilə gətirməliyik!
Mən Qarabağ regionunun Füzuli rayonunda dünyaya gəlmişəm. 10 yaşıma qədər məişət çətinlikləri olmayan və ziyalı ailəsində böyüməkdəydim. 1993- cü ildən 10 yaşlı uşaq üçün məcbui köçkün həyatı başladı. Artıq bizim evimiz, kəndimiz yox idi. Çadır şəhərciyində, yaşayış üçün nəzərdə tutulmayan yerlərdə yaşam mübarizəsi verirdi insanlar. Bu insanlığın faciəsi idi. Azərbaycanda mənim həyatımı yaşayan 1 milyona yaxın insan var. Bu gün də bu acılar davam etməkdədir. Biz bütün bunlara baxmayaraq sülh deyirik. Azərbaycan insanları və dövləti sülhə üstünlük verir. Buna əmin olun!
Mən bu gün belə torpaqlarının işğalının əziyyətin çəkirəm. Lakin bura gəlib sülh deyirəm və səmimi şəkildə bəyan etmək istəyirəm ki, Azərbaycan xalqı sülh variantina üstünlük verir. Əbəs yerə deyil ki, Azərbaycan dövləti sülh variantına üstünlük verdiyini bəyan edir və bu olmayacağı təqdirdə müharibənin olacağını deyir. Bir sözlə, Azərbaycanda böyük əksəriyyət öncəliyi sülhə verir. Torpaqları işğal altında olan bir xalqın sülh yolunu seçməsi çətin və qürurvericidi. Çətindi ona görə ki, məglubiyyət hissi ilə təxribata çəkilən bir toplum insanlığı qorumaq üçün qürurunu cilovlaya bilir. Qüruruna hakim çıxmaq özünü başqasından üstün hesab etməməkdir. Mən fəxr edirəm ki, belə bir xalqın nümayəndəsiyəm.
Gərək erməni xalqı da bunu qiymətləndirsin və sülh üçün fədakarlıq etsin. Bu fədakarlıq Ermənistan dövləti tərəfindən işğal altında saxladığı 6 rayonu qeyd-şərtsiz azad etməkdən ibarətdir. Bunun nə qədər çətin bir addım olduğunu anlayıram. Bir sözlə, biz öz xalqımıza sülh seçimini gələcəyə olan sevgi olduğunu aşılamalıyıq. Heç bir erməninin yaşamadığı kəndi işğal edib, mənim kimi yüzminlərlə insanı evindən çıxarmaq nəinki ermənilərin, heç bir xalqın seçimi ola bilməz. Erməni xalqını öz hərbi texnologiyasına xaç simvolu qoyaraq bunu etməyə yalnız dəyərlərə və insanlığa xəyanət etmiş mənfəətcil, Stalindən ilham alan sovet nomenklaturası vadar edə bilərdi. Sovetləri qorumaq üçün bizi düşmən edənlər, bu gün də qafqazlarda öz təsirini saxlamaq üçün Dağlıq Qarabağ münaqişəsini davam etdirmək istəyirlər. Əlindəki gücündən və təsir imkanlarından istifadə edən rus imperiyalist dairələr Azərbaycanı tam olaraq öz planlarına daxil etmək üçün daha geniş imkanlara sahib olmasalar da, Ermənistanda çox böyük güc sahibidilər. Biz öz ölkəmizi qorumaq və sülhə nail olmaq üçün bütün mənfəət qüvvələrınə arxa çevirməyi bacarmalıyıq. Bu işdə sivil dünyanın dəyərlərini daşıyan Qərbin dəstəyini artırmasına da nail olmalıyıq. Sonda bir daha bu prosesdə iştrak edən hər kəsə o cümlədən bu prosesi təşkil edən Beynəlxalq Avropa Hərəkatına təşəkkürümü bildirirəm. Bundan sonra da sülh quruculuğu istiqamətində aparılan proseslərdə iştirak etməyə hazırıq”.
DOSTLARINLA PAYLAŞ: