Qubada sinaqoq açıldı
03 Oktyabr 2010 Bazar 17:35
Mərasim "Tövrat"ın musiqi sədaları altında sinaqoqa gətirilməsilə başlayıb.
Quba rayonunda yəhudilərin kompakt yaşadığı Qırmızı qəsəbədə qədim sinaqoqun bir illik təmirdən sonra açılışı oldu. ANS PRESS-in məlumatına görə, açılış mərasimində Dini Qurumlar üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov, Quba rayonu İcra hakimiyyətinin başçısı, İsrailin Azərbaycandakı səfirliyinin nümayəndələri iştirak edib. Mərasim yəhudilərin dini kitabı olan “Tövrat”ın musiqi sədaları altında sinaqoqa gətirilməsilə başlayıb. Daha sonra tədbir iştirakçıları sinaqoqun açılışı münasibətilə burada yaşayan yəhudiləri təbrik etdilər.
Dini Qurumlar üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov ANS PRESS-in bölgə müxbirinə açıqlamasında sinaqoqun açılmasının yaxşı hal olduğunu bildirdi. “Azərbaycan tolerant ölkədir. Burada dini azlıqların digər nümayəndələri kimi yəhudilər də yaşayır. Bu tarixi abidədir. Tarixi abidənin açılması çox əlamətdar haldır. Bu bir daha Azərbaycanın digər millətlərin dininə, adət-ənənələrinə hörmətlə yanaşmasına sübutdur”, - deyə Hidayət Orucov vurğuladı.
Qeyd edək ki, min illik tarixi olan sinaqoq Moskvada yaşayan milliyyətcə yəhudi olan Zaxayeyev qardaşlarının maddi dəstəyilə təmir edilib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: