Qorbaçov Bakıya gələ bilər
08 İyul 2010 Cümə Axşamı 13:05
Keçmiş SSRİ prezidenti Qorbaçov, Kondaliza Rays və digər siyasətçilər turneyə çıxacaqlar.
ABŞ-ın keçmiş dövlət katibi Kondaliza Rays, keçmiş müdafiə naziri Vilyam Perri və SSRİ-nin birinci prezidenti Mixail Qorbaçov World Leaders Travel şirkəti tərəfindən təşkil edilən “Global Challenges in a Post-Perestroika World” (“Postyenidənqurma dünyasında qlobal çağırışlar”) adlı tematik turne çərçivəsində Bakıya gələ bilərlər. Bu barədə Ukraynanın “Delfi” portalı məlumat yayıb.
Turne 30 avqust- 15 sentyabr 2010-cu il tarixlərində həyata keçiriləcək. Turnenin proqramına aparıcı mütəxəssis və alimlərlə regionun mədəni və siyasi müxtəlifliyi ilə bağlı bir sıra mühazirələr və diskussiyalar daxildir.
Səfər Rusiyanın paytaxtı Moskvada başlayacaq və Türkiyənin İstanbul şəhərində bitəcək. İlkin plana görə, turne iştirakçıları Moskvada 4 gün olacaqlar. Buradan Gürcüstanın paytaxtı Tiflisə, daha sonra isə Batumi şəhərinə və yaxud Azərbaycanın paytaxtı Bakıya gələ bilərlər. İştirakçılar daha sonra Ukraynaya yollanacaqlar. Onlar burada Silver Wind gəmisi ilə Yalta, Sevastapol, Odessa və Pervomaysk vilayətlərini gəzəcəklər.
Qeyd edək ki, “Komsomolskaya Pravda” qəzetinin yazdığına görə, siyasətçilərin səfəri yalnız Qara dəniz sahili ölkələrə nəzərdə tutulub. Xatırladaq ki, Mixail Qorbaçov Bakıda törədilən 20 yanvar qətliamının əsas günahkarlarından biridir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: