Qəddafi üçün ölüm fətvası verildi
22 Fevral 2011 Çərşənbə Axşamı 05:11
“Əgər Liviya ordusuna mənsub bir əsgər Müəmmər Qəddafiyə güllə atmaq imkanı əldə edərsə bunu hökmən etsin”
İslam dünyasının məşhur din alimi Şeyx Yusif əl Qardavi Liviyanın prezidenti Müəmmər Qəddafinin öldürülməsi üçün fətva verib. ANS PRESS “İnternethaber”ə istinadən xəbər verir ki, əl Qardavi Liviya ordusuna müraciət edərək ölkəni Qəddafidən xilas etməyə çağırıb. Müraciətində hərbçiləri öz xalqına güllə atmaq əmri verən Qəddafiyə itaət etməməyə çağıran din alimi əsgərləri ölkə prezidentini öldürməyə təşviq edib. “Əgər Liviya ordusuna mənsub bir əsgər Müəmmər Qəddafiyə güllə atmaq imkanı əldə edərsə bunu hökmən etsin”.
Şeyx Qardavi ölkədə olan səfirlərə də səslənərək onları Qəddafi ilə olan diplomatik münasibətləri dondurmağa səsləyib.
Bundan başqa Yusif əl Qardavi bütün ərəb liderlərə müraciət edərək onlara baş verən proseslərə müdaxilə etməməyi məsləhət görüb: “Tarixin gedişatına mane olmağa çalışmayın. Dünya dəyişib və ərəb dünyası da daxildən dəyişməyə başlayır”.
Xatırladaq ki, 85 yaşlı din alimi yanvarın 29-da Misirin sabiq prezidenti Hüsnü Mübarəki də istefa verməyə çağırmışdı.
DOSTLARINLA PAYLAŞ: