Qəbələdə MDB-nin toplantısı keçiriləcək
22 Noyabr 2010 Bazar Ertəsi 17:45
MDB ölkələrinin standartlaşdırma, metrologiya, akkreditasiya və sertifikatlaşdırma üzrə milli orqanları rəhbərlərinin 38-ci iclası keçiriləcək
Bu il noyabrın 25-də Azərbaycanın Qəbələ şəhərində MDB ölkələrinin standartlaşdırma, metrologiya, akkreditasiya və sertifikatlaşdırma üzrə milli orqanları rəhbərlərinin 38-ci iclası keçiriləcək. İclas Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şura və Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçiriləcək.
Komitənin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, iclasda Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov, Ukrayna Respublikasının Texniki tənzimləmə və istehlakçı hüquqlarının qorunması üzrə Dövlət Komitəsinin sədri Aleksandr Matveyçuk, Belarusiyanın Standartlaşdırma üzrə Dövlət Komitəsinin sədri Valeriy Koreşkov, Qazaxıstan Respublikasının Texniki tənzimləmə və Metrologiya üzrə Komitənin sədri Qabit Muxambetov, Rusiya Federasiyasının Texniki tənzimləmə və Metrologiya üzrə Federal Agentliyinin direktor müavini Aleksandr Zajiqalkin, Qırğızıstan Respublikasının iqtisadi inkişaf nazirinin müavini, Tacikistan Respublikasının standartlaşdırma, metrologiya, sertifikatlaşdırma və texniki tənzimləmə üzrə mərkəzin direktoru Dadodcan Qaibov, Özbəkistan Respublikasının “Uzstandart” Agentliyinin baş direktorunun müavini Rüstəm Xusanov, Dövlətlərarası Şuranın icraçı katibi Nikolay Soneç və s. iştirak edəcək.
İclasda 30-a yaxın məsələyə baxılacaq. Bunların sırasında MDB-yə üzv dövlətlərdə son bir ildə texniki tənzimləmə, metrologiya, uyğunluğun təsdiqi və akkreditasiya sahələrində aparılan işlər barədə fikir mübadiləsi, standartlaşdırma üzrə Büronun işinin və Dövlətlərarası Şuranın qərarlarının icrası ilə bağlı nəticələri, 2020-ci ilədək MDB-nin iqtisadi inkişaf strategiyası çərçivəsində Dövlətlərarası Şuranın iştirakı ilə bağlı tədbirlər planının I mərhələsinin yerinə yetirilməsinə dair hesabat və digər məsələlər var.
DOSTLARINLA PAYLAŞ: