Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsinı ciddi etiraz edənlər arasında Ermənistanla sərhəddə yerləşən Türkiyənin Qars şəhərinin əhalisi də var. Qarslılar hesab edirlər ki, Dağlıq Qarabağ münaqişəsi həll olunmadan sərhədlər açıla bilməz. ANS TV-nin Qarsa ezam olunmuş xüsusi müxbirinin verdiyi məlumata görə, Qarsdakı sadə vətəndaşlar sərhədlərin açılmasına demək olar ki, etiraz etmirlər. Hesab edirlər ki, Ermənistanla sərhədlərin açılması Qarsda və sərhədə yaxın olan bölgə və şəhərlərin iqtisadi potensialını artıracaq. Lakin sakinlər Dağlıq Qarabağ münaqişəsinin həllindən sonra bu addımın atılmasının tərəfdarıdırlar. Sadə vətəndaşlar Dağlıq Qarabağ münaqişəsi həll olunmamış heç cür sərhədlərin açılacağına yol veriləcəyinə inanmırlar.
Azərbaycanın Qarsdakı baş konsulu Həsən Zeynalov isə ANS TV-nin müxbiri ilə söhbətində sərhədlərin açılması ilə bağlı narahatlığını bildirib. O qeyd edib ki, sərhədlərin açılmasına etiraz olaraq aksiyanın keçirilməsi planlaşdırılırdı və buna hazırlıq gedirdi. Amma aprelin 10-da axşam Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Dağlıq Qarabağ münaqişəsi həll olunmayınca sərhədlərin açılmayacağını bildirən bəyanat verməsindən sonra aksiya təxirə salınıb. Artıq Qarsda heç kim Türkiyə-Ermənistan sərhədlərinin açılacağına inanmır.
ANS TV-nin əməkdaşı Qarsla Ermənistan sərhədində olub və orada heç bir təmir işlərinin aparılmadığını müşahidə edib. Amma Həsən Zeynalov bildirib ki, İqdırda Ermənistanla sərhəddə təmir aparılır. O qeyd edib ki, bir müddətdir Ermənistan tərəfdə çox ciddi təmir işləri gedir, ərazi abadlaşdırılır, binalar təmir edilir. Türkiyə tərəfdə də müəyyən restavrasiya işləri aparılıb. ANS TV-nin əməkdaşı bir qədər sonra həmin əraziyə gedəcək. /ANS TV/