Qarabağda müharibə faciə olacaq
26 Noyabr 2010 Cümə 16:20
ATƏT-in Parlament Asssambleyasının fəxri sədri Qoran Lenmarker İrəvanda açıqlama verib
"Beynəlxalq ictimaiyyətdə Dağlıq Qarabağ münaqişəsinin təqribən necə həll olunacağı barədə təsəvvür var". Bunu bu gün İrəvanda keçirilən konfransda ATƏT-in Parlament Asssambleyasının fəxri sədri Qoran Lenmarker bildirib.
Bununla yanaşı, o qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində əsas vurğunu problemin texniki həllinə deyil, münaqişə tərəflərinin həll yollarının tapılması üçün siyasi iradəsinin mövcudluğuna qoymaq lazımdır.
“Həm Ermənistan, həm də Azərbaycan qarşılıqlı qınaq və ittiham siyasətindən çəkinməli, daxili disput və münaqişənin nizamlanmasına hazırlığın olub-olmamasını müzakirə etməyə başlamalıdırlar. Hər iki ölkə ictimaiyyəti siyasi həll və güzəştlərə hazırlanmalıdır. Tərəflərdən heç biri 100 faizlik nəticə əldə edə bilməyəcək”, - deyə Qoran Lenmarker bildirib.
Münaqişənin həlli yolu istiqamətində irəliləməyin artıq vaxtının çatdığını bildirən fəxri sədr qeyd edib ki, Qarabağ münaqişəsi hazırda “dondurulmuş” hesab edilə bilməz.
“Hər il münaqişə zonasında bir qayda olaraq 20 nəfər həlak olur, hazırki vəziyyət həmçinin müəyyən iqtisadi və siyasi xərcləri nəzərdə tutur”, - deyə o bildirib.
Lenmarker münaqişənin hərb yolu ilə həlli məsələsinə də münasibət bildirib: "Əlbəttə, müharibə faciə olacaq, amma mən düşünmürəm ki, hadisələrin belə inkişafı mümkündür".
DOSTLARINLA PAYLAŞ: