Qarabağ problemi BMT Baş Məclisinin gündəliyində
13 Sentyabr 2011 Çərşənbə Axşamı 02:19
Qurumun bu gün başlayacaq 66-cı sessiyasında Ermənistan-Azərbaycan münaqişəsini yenidən müzakirə edəcək
BMT Baş Məclisinin bu gün başlayacaq 66-cı sessiyasının gündəliyinə digər beynəlxalq problemlərlə yanaşı, Dağlıq Qarabağ münaqişəsinin müzakirəsi də daxil edilib. Sessiyanın iştirakçıları mövzu ilə bağlı iki məsələni - “GUAM məkanında həlli uzanan münaqişələr və onların beynəlxalq sülh, təhlükəsizlik və inkişafa təsiri” və “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət”i müzakirə edəcəklər.
Sözügedən sənədlər Demokratiya və İqtisadi İnkişaf uğrunda Təşkilatın (GUAM) üzvləri tərəfindən hazırlanıb və ilk dəfə BMT Baş Məclisinin 63-cü sessiyasına təqdim edilib. Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyətə dair qətnamə layihəsinə uyğun olaraq, Baş Məclis Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən və bitişik rayonlardan deportasiya olunmuş əhalinin əvvəlki yaşayış yerlərinə qayıtmaq hüququnun vacibliyini qeyd edir. Sənəd ATƏT-ə münaqişə zonasına təcili olaraq müvafiq ekspert biliklərinə malik çoxmillətli missiya göndərib beynəlxalq humanitar hüquq və insan hüquqları sahəsində beynəlxalq standartlara riayət edilməsi məsələsini araşdıraraq məruzə hazırlamağı təklif edir.
Qeyd edək ki, “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” haqqında məsələ hələ 2004-cü ildə BMT Baş Məclisinin gündəliyinə daxil edilib. 2008-ci ildə Baş Məclis rəsmi Bakının təşəbbüsü ilə ilk dəfə qətnamə qəbul edərək “erməni qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal çıxarmağa” çağırıb.
Məsələnin yenidən beynəlxalq təşkilatın gündəliyinə çıxarılması işğal faktının davam etməsi ilə əlaqədardır. Xatırladaq ki, BMT Təhlükəsizlik Şurası indiyədək Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair dörd qətnamə qəbul edib. Digər nüfuzlu beynəlxalq təşkilatlar, o cümlədən ATƏT-in Parlament Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı da dəfələrlə bu məsələni müzakirə edib. Beynəlxalq birlik tərəfindən qəbul olunmuş bütün müvafiq qətnamələrdə Ermənistanın təcavüzkarlıq siyasəti birmənalı şəkildə pislənir, işğalçı qoşunların Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılması tələb edilir. Lakin Ermənistan güclü havadarlarına arxalanaraq hələ də dünya ictimaiyyətinin iradəsinə məhəl qoymur. Eyni zamanda rəsmi İrəvan və onu dəstəkləyənlər Qarabağ probleminin beynəlxalq səviyyədə müzakirəsinə mane olmaq üçün dəridən-qabıqdan çıxırlar. Onların iddiasına görə, münaqişənin tənzimlənməsi ilə ATƏT-in Minsk qrupu məşğuldur və danışıqların başqa formata keçirilməsi məsələnin həllini uzada bilər.
Bu iddianın əsassızlığı göz qabağındadır. ATƏT-in Minsk qrupu münaqişə tərəfləri ilə 20 ilə yaxındır ki, heç bir nəticəsi olmayan uzun-uzadı danışıqlar aparır. Minsk qrupuna həmsədrlik edən dövlətlərin (ABŞ, Rusiya və Fransa) irəli sürdükləri cürbəcür təşəbbüslər bu və ya digər səbəbdən kağız üzərində qalır. Beynəlxalq vasitəçilərin dinc tənzimlənməyə dair sonuncu təşəbbüsünü - Madrid prinsiplərini Azərbaycan qəbul etsə də, Ermənistan ona reaksiya verməyə tələsmir. Əvəzində danışıqlar prosesini pozmaq, problemin nizamlanmasını uzatmaq üçün cürbəcür bəhanələr gətirir. Digər tərəfdən, ATƏT-in Minsk qrupunun həmsədrləri faktiki olaraq qrupun üzvü olan bütün dövlətlərin ortaq mövqeyini yox, təmsil etdikləri dövlətlərin mövqeyini ortaya qoyurlar. Həmsədrlərin məsələyə yanaşma tərzi isə nikbinlik doğurmur. Belə ki, onlar irəli sürdükləri təşəbbüsləri münaqişə tərəflərinə qəbul etdirmək üçün iradə göstərmir, yalnız tərəflərin razılığa gələcəkləri təqdirdə əldə olunacaq sülh sazişini dəstəkləyəcəklərini bəyan edirlər. Halbuki dinc tənzimləmə prosesinin dalana dirənməsində indi vasitəçi kimi çıxış edən ölkələrin günahı az deyil. Onlar Ermənistanı təcavüzkar dövlət kimi tanımaqdan imtina edir, bunun danışıqlar prosesini irəli aparmayacağını iddia edirlər. Üstəlik, rəsmi Yerevanı qonşu dövlətlərə qarşı ərazi iddialarının nəticəsi olaraq düşdüyü ağır iqtisadi vəziyyətdən çıxarmaq üçün səylərini əsirgəmirlər. Bu isə təcavüzkar dövləti şirnikləndirir, onun dinc nizamlama prosesinə münasibətdə konstruktivlikdən uzaq mövqe tutmasına rəvac verir, məsələnin həlli perspektivlərinə kölgə salır. Başqa sözlə, beynəlxalq vasitəçilər danışıqlar prosesində müşahidəçi missiyasını yerinə yetirməklə kifayətlənirlər. Belə olan təqdirdə məsələnin BMT müstəvisində müzakirəsi və beynəlxalq birliyin diqqətini yaranmış vəziyyətə cəlb etmək zərurəti yaranır.
BMT Baş Məclisinin sessiyasında müzakirələrin necə keçəcəyi və dünya dövlətlərinin məsələyə münasibəti barədə indidən mühakimə yürütmək çətindir. Problemin həlli istiqamətində hansısa ciddi tərəqqinin əldə ediləcəyini də gözləmək lazım gəlmir. Yuxarıda qeyd olunduğu kimi, BMT Baş Məclisi artıq bir dəfə məsələyə toxunmuş və qətnamə qəbul etmişdir. Hazırkı sessiyada da oxşar məzmunlu sənəd qəbul oluna bilər. Amma yenə də qətnamə kağız üzərində qalacaq. Ona görə də BMT Baş Məclisinin qəbul edəcəyi gözlənilən qətnaməyə bədbin münasibət bəsləyənləri başa düşmək olar. Elə düşmən də buna bel bağlayır. Yəni ki, əvvəllər qəbul edilmiş qətnamələr kimi, bu qətnamə də ölü doğulacaq, icra mexanizmi olmadığından elə bir əhəmiyyət kəsb etməyəcək.
Lakin məsələnin başqa tərəfi də var. Müşahidəçilərin fikrincə, Ermənistanın işğalçılıq siyasəti davam etdikcə və hərbi təcavüzün nəticələri aradan qaldırılmayınca problem bütün vasitələrlə beynəlxalq ictimaiyyətin diqqət mərkəzində saxlanmalıdır. Yəni, ayrı-ayrı ölkələr, siyasi dairələr, humanitar təşkilatlar belə bir problemin mövcudluğunu - Azərbaycan ərazisinin 20 faizinin zəbt edilməsini, bir milyondan çox dinc azərbaycanlının yurd-yuvasından didərgin salınmasını unutmamalıdırlar. Əks təqdirdə, yaranmış vəziyyət ATƏT-in Minsk qrupunun, daha doğrusu, Minsk qrupunun həmsədrlərinin inhisarında qalar və bu dar çərçivədən kənara çıxmaz. Məsələ hər dəfə BMT Baş Məclisinin gündəliyinə çıxarıldıqca və müzakirələr aparıldıqca kütləvi informasiya vasitələri, hüquq müdafiə təşkilatları istər-istəməz bu mövzuya toxunmalı, Ermənistan kimi təcavüzkar dövlətin hərəkətlərini götür-qoy etməli olacaq.
Hazırkı mərhələdə dünyanı narahat edən ciddi problemlərin həllində əsas beynəlxalq təşkilat kimi BMT-nin rolu xeyli sual doğurur. Bu təşkilat əslində Təhlükəsizlik Şurasının daimi üzvü olan beş dövlətin diktəsi ilə hərəkət edir. Təşkilatın qəbul etdiyi qətnamələr həmin ölkələrin istəyi olmayınca həyata keçirilmir. Son illər bir sıra ölkələrdə cərəyan edən hadisələrə BMT səviyyəsində operativ reaksiya buna dəlalət edir. Hərçənd planetin ayrı-ayrı bölgələrində, o cümlədən keçmiş sovet məkanında davam edən münaqişələr on milyonlarla adamın gələcəyini, beynəlxalq və regional inkişafı şübhə altına qoyur. Odur ki, BMT-nin nüfuzu sınaq qarşısındadır. Bu təşkilat həqiqətən beynəlxalq sülhün, təhlükəsizliyin və inkişafın təmin edilməsinə dəstək vermək istəyirsə, konkret məsələlərə, ilk növbədə, hərbi təcavüz nəticəsində insanların düşdüyü vəziyyətə birmənalı münasibət bəsləyib öz iradəsini ortaya qoymalıdır. Təhlükəsizlik Şurasının, Baş Məclisin qətnamələrinin yerinə yetirilməməsi BMT-nin və burada söz sahibi olan böyük dövlətlərin nüfuzunu sarsıdır. Beynəlxalq təşkilat, nəhayət, bu barədə düşünməlidir.
DOSTLARINLA PAYLAŞ: