Qarabağ münaqişəsini həll etməyin vaxtı çatıb
10 Sentyabr 2013 Çərşənbə Axşamı 11:21
ATƏT-in Minsk qrupunun yeni həmsədri səfir Ceyms Uorlik bu gün Bakıda mətbuat konfransı keçirib.
ATƏT-in Minsk qrupunun ABŞ-dan olan yeni həmsədri səfir Ceyms Uorlik bu gün Bakıda mətbuat konfransı keçirib. Səfir konfransda regiona səfərinin məqsədini açıqlayıb. Cənab Uorlik bildirib ki, səfərin məqsədi Azərbaycan və Ermənistan arasında münaqişənin sülh yolu ilə həllinə nail olmaqdır.
“Artıq Qarabağ münaqişəsinin həllinin vaxtı çatıb. Münaqişənin Helsinki yekun aktına əsasən həllini tapması vacibdir. Münaqişəni həll etmək üçün hər iki tərəfin siyasi iradə nümayiş etdirməsinin, cəsarətli addımlar atmasının vaxtıdır. Öz həmkarlarımın da birgə fəaliyyəti davam etdirməsini səbirsizliklə gözləyirəm”.
Səfir həmçinin bildirib ki, Azərbaycandan sonra Ermənistana da səfər edərək tərəflərin mövqeyini öyrənəcək. Bundan sonra səfirin Dağlıq Qarabağa da səfəri gözlənilir.
C. Uorlik yaxın zamanlarda Vyanada ATƏT-in baş katibi ilə görüşəcəyini, bundan sonra Fransa və Rusiyadan olan həmkarları ilə Nyu-Yorkda BMT-nin Baş Assambleyasının 68-ci sessiyası çərçivəsində görüşlər keçirməyi planlaşdırdığını deyib. Səfir vurğulayıb ki, regionda davamlı sülhə nail olmaq üçün bütün səylərini səfərbər edəcək.
Qeyd edək ki, Ceyms Uorlik bu həftə sonu Birləşmiş Ştatlara qayıdacaq və orada problemin həlli istiqamətində maraqlı tərəfləri məlumatlandıracaq.
DOSTLARINLA PAYLAŞ: