Qafqazın Birinci lediləri
24 Yanvar 2011 Bazar Ertəsi 14:25
3 ölkə arasında məhz Azərbaycanın birinci xanımı ən fəal və müasir şəxsiyyət kimi tanınır.
Ölkənin "Birinci xanımı" (First lady) anlayışı dünya siyasətinə ABŞ-dan gəlib. 19-cu əsrin ortalarından başlayaraq Amerika prezidentlərinin xanımlarını sadəcə "First lady" adlandırmağa başlayıblar. Sonradan bu anlayış digər ölkələrə də yayılmağa başlayıb.

Maraqlıdır ki, ilk dəfə "ABŞ-ın birinci xanımı" adlandırılan şəxs prezidentin həyat yoldaşı olmayıb. 1857-1861-ci illər arası ABŞ-ın prezidenti olan James Buchanan (Ceyms Byukenen) subay olub. Onu rəsmi görüşlərdə bacısı qızı Harriet Lane (Harriet Leyn) müşayiət edib. J.Buchanan onu "Birinci xanım" kimi təqdim etdiyindən tezliklə bu termin Amerika siyasətinə daxil olaraq digər prezidentlər tərəfindən də istifadə olunub. O vaxta qədər prezidentlərin xanımlarını "prezident xanımı" və ya "xanım prezident" kimi təqdim edərdilər.

BİRİNCİ XANIM FENOMENİ QAFQAZA NƏ ZAMAN GƏLDİ?

SSRİ-də Leninin arvadı Nadejda Krupskayadan sonra uzun müddət heç bir ölkə başçısı xanımının adı siyasətdə hallandırılmayıb. Bu ənənəni ilk dəfə 1980-ci illərin ikinci yarısında SSRİ-nin sonuncu prezidenti Mixail Qorbaçov pozub. Onun həyat yoldaşı Raisa Qorbaçova Qərb siyasətçilərinin xanımları kimi aktiv ictimai-siyasi fəaliyyət göstərir, tez-tez mediada görünür, çıxışlar edirdi.

Bu hadisə SSRİ tarixi üçün qeyri-adi olduğundan əhalinin R.Qorbaçovaya münasibəti də birmənalı deyildi. Lakin artıq "birinci xanım" institutunun bünövrəsi qoyulmuşdu və keçmiş sovet məkanında yaranan yeni dövlətlər də bu institutdan imtina etmədilər.

MEHRİBAN ƏLİYEVA SANDRA ROELOFSDAN DA AVROPALIDIR

Mehriban Əliyeva

"AzadlıqRadiosu"nun əməkdaşı Oleq Kusov Qafqaz ölkələrinin Birinci xanımlarını müqayisə edərək yazır ki, 3 ölkə arasında məhz Azərbaycanın Birinci xanımı ən fəal və müasir şəxsiyyət kimi tanınır. Çox vaxt müsəlman, Şərq ölkəsi kimi təqdim olunan Azərbaycandan çıxmış Mehriban Əliyeva daha çox avropalı sayılır, nəinki əslən avropalı, Hollandiya vətəndaşı olan Gürcüstan prezidentinin həyat yoldaşı Sandra Roelofs (Rulofs).

Oleq Kusov Azərbaycan, Gürcüstan və Ermənistan politoloqlarından müsahibə alaraq 3 ölkənin prezident xanımları haqda fikirlərini öyrənir.

Mehriban Əliyevanı səciyyələndirən Evqeniy Krişatalev deyir ki, Mehriban Əliyeva sadəcə prezident xanımı adını daşıdığına görə məcburən ictimai-siyasi işlərlə məşğul olmur. Onun fəaliyyəti şüurlu və məqsədyönlüdür: "O, lider xassələrinə malik bir qadındır. Onun öz ictimai, siyasi mövqeyi var. Parlamentin deputatı və Heydər Əliyev Fondunun prezidenti kimi, o, ölkənin siyasi həyatında iştirak edir, UNESCO və ISESCO təşkilatlarının xoşməramlı səfiri kimi mədəniyyət sahəsində fəaliyyət göstərir".

SANDRA ROELOFS

Gürcüstanın Birinci xanımı haqqında danışan politoloq Aleksandr Rondeli hesab edir ki, xoş görünüşü və ağlı ilə gürcülərin rəğbətini qazanan Sandra Roelofs, həm də öz sadəliyi ilə Gürcüstanı təəccübləndirib. O, Gürcüstan xəstəxanalarının birində tibb bacısı vəzifəsində çalışır (həftədə bir dəfə).

"Sandra Roelofs bu yaxınlarda verdiyi müsahibədə etiraf edir ki, hansısa layihəyə başlamazdan əvvəl əri ilə məsləhətləşir və götür-qoy edir ki, onun işi ərinin imicinə ziyan vurmasın. Onlar bir-birinə çox uyğun gəlirlər. Prezident xanımı öz nüfuzu ilə M.Saakaşviliyə arxadır. Cəmiyyətdə ona böyük rəğbət var. Çünki həmişə özünü ləyaqətlə aparır, çalışır çox gözə girməsin. Bundan başqa, gürcü dilində də çox gözəl danışır və hətta zarafatlar edir ki, bu da adamların xoşuna gəlir. Onun mədəni və oxumuş adam olduğunu hiss edən gürcülər fəxr etməyə başlayırlar ki, hər halda ölkənin Birinci xanımı belə qeyri-adi bir adamdır". – deyə Aleksandr Rondeli bildirir.

RİTA SARKİSYAN

Müqayisələri davam etdirən O.Kusov yazır ki, Ermənistanın Birinci xanımı Rita Sarkisyanın da cəmiyyətdə nüfuzu və rəğbəti var. Onun haqqında ilk növbədə ictimai fəaliyyəti ilə ailə məsələlərini məharətlə birləşdirən bir şəxs kimi danışır, onu daha çox ailə ocağının qoruqçusu kimi qiymətləndirirlər.

Rita Sarkisyanı səciyyələndirən Ermənistan politoloqu Aleksandr İskandaryan hesab edir ki, dövlətin işində "Birinci xanım" institutunun əhəmiyyətini şişirtmək lazım deyil:

"İlk növbədə hər şey Birinci xanımların və qismən də prezidentlərin şəxsiyyəti ilə bağlıdır. Deməzdim ki, hazırkı prezidentin həyat yoldaşı xüsusi fəallığı ilə seçilir, tez-tez adam arasına çıxır. Olur, əlbəttə, hansısa xeyriyyə işləri ilə məşğuldur, hərdən kübar məclislərində görünür, amma kifayət qədər nadir hallarda. Ona görə də çox əhəmiyyətsiz bir rola malikdir. Erməni siyasətində qadınlar var: qadın nazirlər, siyasi partiyaların nümayəndələri, millət vəkilləri var, elədir. Amma, mən deməzdim ki, Ermənistanda Birinci Ledi institutu formalaşa bilib".

ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar