Qafqazdakı münaqişələr Buxaresti narahat edir
18 Aprel 2011 Bazar Ertəsi 22:46
Trayan Besesku: “Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq normaları çərçivəsində həll olunmalıdır”.
Rumıniya Azərbaycan və Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlarda göstərdiyi səbri yüksək qiymətləndirir. Bu sözləri Azərbaycanda rəsmi səfərdə olan Rumıniya prezidenti Trayan Besesku deyib. O bildirib ki, bu istiqamətdə tərəqqi əldə olunmasını istəyir: “Çünki Rumıniya regionda dondurulmuş münaqişələrin mövcudluğundan narahatdır. Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq normaları çərçivəsində həll olunmalıdır”.
Bununla belə Rumıniya prezidenti hesab edir ki, bu həll istənilən dövlətin ərazi bütövlüyünə təsir göstərməməlidir: “Ümidvarıq ki, Dağlıq Qarabağ problemi Azərbaycanın ərazi bütövlüyü, beynəlxalq hüquq normaları, xüsusilə azlıqların suveren dövlət çərçivəsində hüquqlarına hörmət prinsipi əsasında həll olunacaq”.
Qeyd edək ki, bu gün Rumıniya prezidenti Trayan Beseskunun və Azərbaycan prezidenti İlham Əliyevin ali ordenlərlə təltif olunma mərasimi keçirilib. Rumıniya prezidenti Heydər Əliyev ordeni, Azərbaycan prezidenti İlham Əliyev isə Rumıniyanın Böyük Xaç ordeni ilə təltif olunub. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: