Qafqazda yeni müharibə ocağı...
08 Dekabr 2009 Çərşənbə Axşamı 15:25
Azərbaycanın qonşusu yenidən geosiyasi intriqalara meyl göstərir
Qonşu Gürcüstan deyəsən yenə müharibəyə hazırlaşır. Hər halda ölkə rəsmilərinin bəyanatları və respublikada son vaxtlar gedən proseslər belə düşünməyə əsas verir. Bu günlərdə Tiflisdə nəşr olunan “Rezonansi” qəzeti maraqlı məlumat dərc edib. Həmin məlumatda bildirilirdi ki, Gürcüstan paytaxtı ətrafında səngərlər qazılır və müdafiə sədləri çəkilir. Xəbərə görə, ölkənin Müdafiə Nazirliyində paytaxtın müdafiəsi ilə bağlı xüsusi plan işlənilib hazırlanır. Maraqlıdır ki, bu xəbəri nazirlik nümayəndələri də təsdiq edib. Lakin planın məxfi olması səbəbindən detallarla bağlı hər hansı rəsmi açıqlama verilmir.

Əslində, Tiflis ətrafında səngərlərin qazılmasında qəbahətli heç nə yoxdur. Lakin əgər bu istiqamətdə işlər gedirsə, deməli ölkə rəhbərliyi hansısa plan hazırlayır. Bu planın əsasında yeni müharibəyə hazırlığın durduğunu, yaxud da Rusiya tərəfindən yeni təxribatlara hazırlığın dayandığını söyləmək çətin olsa da, “od olmasa, tüstü çıxmaz” məsəli yada salıb müəyyən fərziyyələr irəli sürmək olar. Bu fərziyyələri əsaslandırmaq üçün isə kifayət qədər arqumentlər var.

Bu arqumentlərdən biri Gürcüstanın yenidən ABŞ tərəfindən silahlandırılması ilə bağlıdır. Rusiya kütləvi informasiya vasitələrinin yaydığı məlumata görə, bu yaxınlarda Birləşmiş Ştatlar Gürcüstana 100 milyon dollar dəyərində silah və hərbi sursat almağı təklif edib. Silahların Amerika hökumətinin "şifahi" razılığı ilə gətirilməsi planlaşdırılır. Ruslara inansaq, ABŞ-ın “Barrington Alliance” adlı şirkəti Gürcüstana Hava Hücumundan Müdafiə (HHM) kompleksləri, tank əleyhinə raket kompleksləri, avtomatlar və digər silah növlərini təklif edib. Amerikalılar Gürcüstana “Patriot”, “Stinger”, “Javelin” və “Hellfire” tipli kompleksləri satmaq niyyətində olduğu bildirilir.

2008-ci ilin avqustunda dövlət müstəqilliyinin itirilməsi təhlükəsi ilə üz-üzə qalan kiçik respublikanın bu kimi müasir silahlar nəyinə lazımdır? İqtisadiyyatının dünya maliyyə böhranından əziyyət çəkmiş bir ölkənin belə bahalı sılahları almaq üçün maliyyə mənbələri varmı? Varsa, niyə əhalinin sosial güzarının yaxşılaşdırılmasına sərf etmir? Deməli belə çıxır ki, Gürcüstan Abxaziya və Cənubi Osetiyanın itirilməsi ilə heç cür barışa bilmir və hər hansı formada onları geri qaytarmaq üçün variantlar axtarır. Vaşinqtonda isə Saakaşvili hakimiyyətinin bu kimi çabalarına kifayət qədər sıcaq baxılır.

Gürcüstanın müdafiə nazirinin bu yaxınlarda verdiyi bəyanat da kifayət qədər maraqlı görünür. Belə ki, nazir bəyan edib ki, Gürcüstan ordusu 2008-ci il hadisələrindən sonra üzləşmiş problemlərin hamısını həll edib və hazırda istənilən təxribatın qarşısını almağa hazırdır. Gürcüstan prezidentinin isə gürcü hərbçilərinin Əfqanıstandakı əməliyyatlarda yaxşı təcrübə qazanaçağını və bu təcrübənin gələcəkdə ölkənin müdafiəsi üçün gərəkli olacağına dair bəyanatı, habelə NATO baş katibinin Gürcüstanın alyansa üzvlüyünə dair qərarın qüvvədə qalması ilə bağlı söylədikləri xeyli düşündürücüdür. Ən azı bütün bunlar Gürcüstan ordusunun hərbi əməliyyatlara hazır olmasını, ölkə rəhbərliyinin isə yenidən geosiyasi intriqalardakı iştiraka meylli olduğunu göstərir.

Yeri gəlmişkən, Moskvada da Gürcüstanın silahlanmasını narahatlıqla müşahidə edirlər. Dekabrın 4-də Brüsseldə Rusiya xarici işlər naziri Sergey Lavrov alyansa daxil olan ölkələrin XİN başçılarının nəzərinə çatdırıb ki, Qərb ölkələrinin Gürcüstanı silahlandırması çox ciddi problemdir. “Gürcüstanın silahla təchiz edilməsi prosesi davam edir. Bu, çox ciddi bir problemdir. Bəzi məlumatlara görə, Gürcüstan 2008-ci il avqust hadisələrinədək olan hərbi potesialını bərpa edib. Maraqlıdır ki, Gürcüstana əsasən hücum xarakterli silahlar gətirilir. Ümid edirik ki, hamı Saakaşvili rejimini silahla təchiz etməyin özündə hansı risklər daşıdığını başa düşür” deyən rusiyalı diplomat Qərb ölkələrinin diqqətinə Kremlin narahatlığı çatdırıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar