Qafqaz dindarları Azərbaycan xalqına müraciət etdi
26 Avqust 2013 Bazar Ertəsi 23:50
Biz Azərbaycan xalqının siyasi, iqtisadi, sosial sahələrdə uğurlarına və qardaş xalqın mənəvi həyatında baş verən hadisələrə sevinirik.
Qafqaz Xalqlarının Ali Dini Şurası Azərbaycan dindarlarına və bütün Azərbaycan xalqına müraciət edib.

ANS PRESS AzərTAc-a istinadən həmin müraciəti təqdim edir:

"Allahın adı ilə!

Biz, Qafqaz Xalqları Ali Dini Şurasının üzvləri, ölkə həyatında mühüm hadisə - prezident seçkiləri ərəfəsində Azərbaycan dindarlarına və bütün Azərbaycan xalqına müraciət edirik. Biz Azərbaycan xalqının siyasi, iqtisadi, sosial sahələrdə uğurlarını müşahidə etdikcə, qardaş xalqın mənəvi həyatında baş verən hadisələrə sevinirik. Bu gün Azərbaycan öz xalqının maddi rifahını artırmaqla bərabər, həm də mənəvi-dini irsin dirçəldilməsi qeydinə qalır.

Azərbaycanda milli mənəvi dəyərlərin qorunub saxlanması və artırılmasına böyük diqqətlə yanaşdığını müşahidə etmək biz, dindarları xüsusilə sevindirir. Bütün dini icmalara qayğı, tarixi müsəlman ziyarətgahlarına və başqa konfessiyaların məbədlərinə qayğıkeş münasibət, onların bərpası və yenilərinin ucaldılması müasir, müstəqil Azərbaycanın reallığıdır.

Biz təkcə son illər ərzində dövlət başçısının bilavasitə iştirakı ilə möhtəşəm məscidlərin – Bakıda Təzəpir və Əjdərbəy məscid komplekslərinin, Şamaxıda Cümə məscidinin bərpa edilməsinin şahidləri olmuşuq. Sumqayıtda, Qəbələdə, Naxçıvanda yeni məscidlərin açılması, Bakıda ölkənin ən böyük məscidinin tikilməkdə olması da bizə məlumdur və azərbaycanlı qardaşlarımızla birlikdə orada dua etmək imkanını səbirsizliklə gözləyirik, inşallah!

Azərbaycanın - böyük iqtisadi potensiala malik olan ölkənin öz vətəndaşlarının milli və dini mənsubiyyətindən asılı olmayaraq, onların mənəvi həyatı üçün hər cür şərait yaratması bu dövlətə həm beynəlxalq nüfuz qazandırır, həm də Ulu Tanrının mərhəmətini təmin edir. Azərbaycanın çoxəsrlik tolerantlıq ənənələri, bütün dünyada dinlərarası və mədəniyyətlərarası dialoq işinə onun verdiyi sanballı töhfə haqlı olaraq bu ölkəni mühüm beynəlxalq forumların keçirildiyi mərkəzə çevrilib. Bütün bu tədbirlərin təşəbbüsçüsü kimi dövlət başçısının özünün çıxış etməsi xüsusi diqqətə layiqdir. Azərbaycan Respublikasının Prezidenti, Zati-aliləri İlham Əliyevin İslam ənənələrini dərin hörmətlə dəstəkləməsi, multikulturalizm ideyalarını fəal müdafiə etməsi, islamofobiya təzahürlərinə qarşı çıxması ona həm Qafqazda, həm də bütün islam dünyasında dərin hörmət qazandırıb.

Qafqazın dini liderlərinə dərin hörmətin bir göstəricisi də bu faktdır ki, biz hər dəfə regionun tarixi dini mərkəzinə - Qafqaz Müsəlmanları İdarəsinə gələndə Azərbaycan dövlətinin başçısı bizi şəxsən qəbul edir, bizə böyük diqqət yetirir.

Bütün bunlar bizim belə deməyimizə əsas verir ki, təməli hələ müasir, müstəqil Azərbaycanın banisi, bizim hamımızın çox hörmət bəslədiyimiz mərhum Heydər Əliyev tərəfindən qoyulmuş dövlət-din qarşılıqlı münasibətlərinin səviyyəsi bir sıra dövlətlər üçün nümunə ola bilər. Biz əminik ki, müdrik Azərbaycan xalqı bu uğurlu yolu bundan sonra da davam etdirmək niyyətindədir.

Bununla əlaqədar, biz bütün Azərbaycan xalqına müraciət edərək qarşıdakı prezident seçkilərində yeganə düzgün seçim etməyə, müstəqil Azərbaycanın seçdiyi tolerantlıq və mənəvi dirçəliş yolunun davam etdirilməsinə səs verməklə İlham Əliyevi dəstəkləməyə çağırırıq.

Qafqaz bizim ümumi evimizdir. Biz Azərbaycanda ictimai-siyasi və mənəvi həyatın bütün sahələrində bütövlükdə Qafqazın inkişafına müsbət təsir göstərən tərəqqinin davam etməsində maraqlıyıq.

Bu seçim bizim hamımız üçün vacibdir!

Allah bizə yar olsun! Amin!

Şeyxülislam Allahşükür Paşazadə
Qafqaz Xalqları Ali Dini Şurasının sədri,
Qafqaz Müsəlmanları İdarəsinin sədri

Sultan Mirzayev
Qafqaz Xalqları Ali Dini Şurası sədrinin müavini, Çeçenistan Respublikasının müftisi

Qafqaz Xalqları Ali Dini Şurasının üzvləri:

İsmayıl Berdiyev - Şimali Qafqaz Müsəlmanların Əlaqələndirmə Mərkəzinin sədri, Qaraçay-Çərkəz müftisi

Aleksandr İşşein - Bakının və Azərbaycanın Arxiyepiskopu

İsa Xamxoyev - İnquşetiya Respublikasının müftisi

Əhməd Abdullayev - Dağıstan Respublikasının müftisi

Həzrətəli Dzasejev - Kabarda-Balkar Respublikasının müftisi

Hacı-Murat Qatsalov – Şimali Osetiya-Alaniya Respublikasının
müftisi

Sultan-Əhməd Karalayev - Kalmık Respublikasının müftisi

Şafiq Pşixaçev - Beynəlxalq İslam Missiyasının Prezidenti, Şimali Qafqaz Müsəlmanlarının Əlaqələndirmə Mərkəzinin Rusiyadakı nümayəndəsi, RF İctimai Palatasının üzvü

Şarafutdin Çoçayev - İmam Əbu-Hənifə adına Şimali Qafqaz İslam Universitetinin rektoru

Nurbi Yemij - Qafqaz Xalqları Ali Dini Şurasının üzvü.

Rusiya Federasiyası, Qroznı şəhəri 22 avqust 2013-cü il.


DOSTLARINLA PAYLAŞ:

oyunlar