Pulunuzu çölə tökməyin
24 Aprel 2012 Çərşənbə Axşamı 03:22
Yaxud ev tikməzdən qabaq ağıllı-başlı düşünüb, götür-qoy edin.
İyirmi il bundan qabaq kimsə özünə 3-5 mərtəbəli ev tikmək fikrinə düşsəydi, hamı ona gülərdi. Özü də elə- belə gülməzdi, hətta dəli adlandırardı. Niyə?

Əvvəla, kim idi ona ev tikmək üçün torpaq sahəsi ayıran? Çünki Sovet hökuməti heç kəsin ev tikməyinə razı deyildi. Deyirdi ki, özüm tikib sizə pulsuz verəcəm! Amma buna gücü çatmadığından hamı darısqal şəraitdə yaşayırdı.

İkincisi, əməkhaqqının çox aşağı olduğu, şəxsi biznes və sahibkarlığın qadağan edildiyi bir dövrdə 99 faiz insanın ev tikmək üçün lazım olan pulu haradansa tapmaq imkanı yox idi.

Ən nəhayət, tikinti materialları o qədər qıt idi ki, hətta pulun olsa belə çətin ki, lazım olan hər şeyi tapıb alardın. Belə ki, bir otağı təmirə başlayanda istədiyini tapmadığından iş aylarla uzanırdı.

Bu gün vəziyyət tamam dəyişib. Nə torpaq, nə tikinti materialları tapmaq məsələsində heç bir problem yoxdur! Təki pulun olsun! Sahibkarlıq fəaliyyəti göstərməklə pul qazanmaq da fərasət və qabiliyyəti olanlarçün, çətin deyil! Maşallah, respublikanın paytaxtında, şəhər, kənd və qəsəbələrdə elə gözəl şəxsi evlər inşa edilib ki, 20 il əvvəl onları yuxuda belə görmək mümkün deyildi! Adamlar daha adi, 1-2 mərtəbəli evlərə qane olmurlar, gözəl xarici görünüşlü, 3-5 mərtəbəli mülklərdə yaşamaq istəyirlər! Varlığa nə darlıq, sağlıqlarına qismət!

Binə salıb, ev tikməyin bir neçə vacib şərti də var. Çünki ev 5-10 illiyə, hətta 30-40 illiyinə də tikilmir. Adamlar bir neçə nəslin əsrlər boyu yaşayacağını nəzərə almalıdırlar. Ola bilər ki, evin nə vaxtsa köhnələrək yararsız hala düşsün. O, zaman onu söküb, yerində təzəsini tikmək mümkündür. Sadəcə yerin yer olmalıdır! Çox təəssüf ki, bu məsələni nəzərə almayanların sayı həddindən artıqdır. Yüzlərlə yox, minlərlədir! Niyə belə edir insanlar, anlamaq çətindir!

Söhbət Bakı ətrafında salınan yeni qəsəbələrdən, türk qardaşlarımız demiş "gecəqondular"dan gedir. Amma onların heç biri həmin ərazilərə gecələr qonmayıb. Uzun illər boyu günəşli günlərdə tikilib və ilkin hesablamalara görə 30 mindən çox evdir. Bu günlərdə Sulutəpə adlanan ərazidəki neft mədənlərində qanunsuz sayılan belə evlərin söküntüsü ilə bağlı müəyyən insident yaşandı. Qarşıdurma zamanı "jurnalistin" döyülməsi, "vətəndaşların mülkiyyət hüququnun pozulması" KİV-lərə, hətta dünya mediasına çıxarıldı, müzakirə mövzusuna çevrildi. Ən çox qınanan, tənqid edilən hazırkı iqtidar oldu. Emosiyalara üstünlük verildiyindən məsələnin hüquqi, obyektiv tərəfləri kölgədə qaldı. Halbuki, mətbuat da, hüquq müdafiəçiləri də məsələyə hüquqi müstəvidə yanaşmalı, gələcəkdə belə hallara yol verilməməsi üçün daha çox insanları maarifləndirməyə, qeyri-qanuni addımlardan çəkindirməyə çalışmalı idi.

Bu gün Bakıda yaşamaq, ev sahibi olmaq istəyənlərin sayı həddindən çoxdur. Amma torpağı nə rezin kimi dartıb yekəltmək, nə də istehsal edib artırmaq mümkün deyil! Mənzil tikməyə yararlı sahələr isə çoxdan məskunlaşdırılıb. Qalıb yurd salmağa yaramayan torpaq sahələri və neft mədənləri əraziləri. Son 5-10 ildə oralarda da yeni-yeni "yaşayış massivləri" salınıb. Hamısı da qanunsuzdur! Bilmək olmur insanlar niyə pullarını çölə töküb, indiki və gələcək nəsillərini təhlükə qarşısında qoyurlar!

Bir neçə məqama diqqət yetirək.

Palçıq vulkanları olan sahədə çoxsaylı evlər tikilib. Sabah vulkanlar aktivləşəndə həmin tikililər sürüşüb axacaq!

Mədənlərdə neft quyuları olan yerlərdə binə salanlar məgər bilmirlər ki, həmin quyular güclü radiasiya mənbəyidir və şüalanma gedir?

Yüksək gərginlikli elektrik xətləri altında ailə saxlayanlar dərk etmirlər ki, bura küləkli Bakıda hər an faciə yaranacaq maqnitli sahədir!

Magistral qaz və su kəmərləri üzərində yaşayanlar, yaxud təhlükəsizlik məsafəsinə əməl etməyərək tikilənlər qəza zamanı doğmalarının yanmasından, yaxud boğulmasından narahat deyillər?

Divarlarını dəmir və şose yollarına söykəyənlər, nə vaxtsa qatarın, yaxud avtomobillərin evlərinə girəcəyindən qorxmurlar!

Axı söhbət illərdən yox, on və yüz illərdən gedir! Tutaq ki, kiminsə bığının altından keçdiniz: icra hakimiyyəti, bələdiyyə, hüquq-mühafizə orqanı və s. göz yumdu. Vəzifə ömrü az olur! Sabah onlar papaqlarını da götürüb getdilər (Necə ki, indiyədək çoxları gedib). Axı siz ailənizlə birgə orada çox-çox illər yaşamalısınız! Əslində heç bir qanuni sənədiniz, mülkiyyət hüququnu təsdiq edən kağızınız yoxdur!

Məskunlaşan kimi dövlətə qarşı iddialara başlayır, KİV-ləri köməyə çağırır, dalbadal müsahibələr verirsiniz:

- palçığın içində batıb qalmışıq, bizə yol çəkin, asfalt döşəyin;

- susuz, kanalizasiyasız yaşayırıq, məişət şəraitimiz ağırdır;

- qazımız yoxdur, xörək bişirə bilmirik, qışda isə soyuqdan donuruq;

- uşaqlarımızı qoymağa bağça, oxutmağa məktəb tapmırıq;

- qeydiyyata düşə bilmirik, heç kim bizə arayış vermir;

- ünvanımız yoxdur, təcili yardım çağıranda bizi tapmır;

- nəqliyyat, fasiləsiz elektrik enerjisi problemi və s. var!

Dövlət deyəndə ki, ora yaşayış massivi üçün nəzərdə tutulmayıb, qanunsuz yaşayırsınız, inciyirsiniz, etiraz edirsiniz! Torpağın sahibi gəlib sənədsiz evləri sökəndə isə əlbəyaxa davaya qalxırsınız! Nə qanuna əməl edirsiniz, nə də özünüzün və ailənizin təhlükəsizliyini, rahatlığını düşünürsünüz! Dünyanın hər yerində qanunsuz tikililər gec, ya tez sökülür!

Olmazdı ki, ev tikməzdən qabaq ağıllı-başlı düşünüb, götür-qoy edəydiniz! Niyə pullarınızı dələduz məmura yem edib, çölə tökürsünüz? İndi gedib onları axtarın tapın görək nə yiyəsi olacaqsınız? Olmazmı hər şeyi irəlicədən qanuni şəkildə, hüquq çərçivəsində həll edək? Niyə qanunun tələbini lap axıra saxlayırıq?!

Sulutəpədəki söküntü prosesində İdrak Abbasov adlı jurnalist də qardaşı Ədalət və anası Naimə Quliyevə ilə birlikdə zorakılığa məruz qalaraq xəstəxanaya düşüb. Dərhal onun fotoları dünyanın hər yerinə göndərilib, saytlara yerləşdirilib. Hüquq müdafiəçiləri, bəzi media işçiləri yığışıb etirazlarını bildiriblər, beynəlxalq qurumlara xəbərlər ünvanlayıblar. Hətta bəzi qəzetlər bunu "hakimiyyətlə jurnalistlər arasında müharibə" kimi qələmə verməyə çalışır. Hadisələrin təhrif edilərək şişirdilməsi göstərir ki, qrant marığında yatanlar fürsəti fövtə vermək istəmirlər! Dövlətin marağı, imici onlar üçün əhəmiyyətsizdir!

Bu hadisənin İdrak Abbasovun jurnalistlik fəaliyyəti ilə heç bir əlaqəsi yoxdur! O, qardaşları, qohumları ilə həmin ərazidə yaşayan insanlardan biridir! Hansı jurnalist ata-anası, qardaşları və qohumları ilə birgə obyektə, peşə fəaliyyətinin icrasına gedir? İdrak Abbasov 2011-ci ilin sentyabrında da eyni vəziyyətdə özünü döydürmüşdü. Görünür bu məsələ üzrə ixtisaslaşıb!

Peşənin qaydalarına görə jurnalist belə situasiya olan yerə gedəndə xüsusi geyimdə olmalıdır, özünü qorumaqla işini görməlidir! Biz nə vətəndaşı döyüb belə hala salanları müdafiə edirik, nə də jurnalistlin döyülməsinə haqq qazandırmaq niyyətindəyik! Bu barədə iqtidar rəsmilərinin müvafiq açıqlamaları da var. Düz danışmaq, obyektiv olmaq, qanunu da yüksəkdə tutmaq vacibdir!

Evi uçurulmaq yaxşı iş deyil və heç kəsə bunu arzulamırıq! Amma hər şeyi qabaqcadan nəzərə alaraq əlimizdə qanuni sənədlər olandan sonra bir ətək pul xərcləməklə ev tikdirsəydik, indi vəziyyət tamam başqa cür olardı!


DOSTLARINLA PAYLAŞ:

oyunlar