Prezidentimizi hüquqi mənada qoruya bilmirik
30 Sentyabr 2013 Bazar Ertəsi 13:19
Ziyafət Əsgərov prezidentin şərəf və ləyaqətinin toxunulmazlığı ilə bağlı qanun qəbul edilməsini təklif edib.
“Prezidentimizi hüquqi mənada qoruya bilmirik”. ANS PRESS-in məlumatına görə, bu sözləri Azərbaycan Milli Məclisinin vitse-spikeri Ziyafət Əsgərov Milli Məclisin plenar iclasında çıxışı zamanı deyib. O bildirib ki, hazırda ölkə başçısına qarşı təhqiramiz ifadələr işlədilir:
"Bu təhqirlərin müəllifi olan müxalifət hələ də 90-cı illərin təfəkküründə qalıb. Bunlar inkişaf etmirlər, hələ də İsgəndər Həmidov təfəkkürü ilə yaşayırlar. İndi özünü qəhrəman kimi təqdim edən İsgəndər Həmidov vaxtı ilə dövlət televiziyası ilə Azərbaycan xalqını təhqir edirdi. İndi də Azərbaycan prezidentini təhqir edirlər. Unutmayaq ki, Azərbaycan prezidentinin ən azı üç ali statusu var. O, Azərbaycanın Prezidenti, Ali Baş Komandan, Azərbaycanın Ali İcra başçısıdır. Amma bu statuslar pozulur və müxalifət tərəfindən təhqir olunur. Biz isə prezidentimizi hüquqi mənada qoruya bilmirik”.
Z.Əsgərov Konstitusiyanın 106-cı maddəsini xatırladaraq bu gün bu maddənin ciddi şəkildə pozululduğunu deyib: “Bu maddədə prezidentin şərəf və ləyaqətinin toxunulmazlığı açıq formada göstərilir. Ancaq 106-cı maddə ciddi pozulur. Ona görə də təklif edirəm ki, bu maddəyə əsasən, ayrıca qanun qəbul edək və bu məsələni ciddi nəzarətə götürək”.
DOSTLARINLA PAYLAŞ: