Prezident İlham Əliyev Fransaya gedir
08 Dekabr 2009 Çərşənbə Axşamı 14:40
Dövlət başçısı Prezident İlham Əliyev sabah Fransa xarici işlər naziri Bernar Kuşnerlə görüşəcək
Azərbaycan prezidenti İlham Əliyev Fransaya səfər edəcək. Dövlət başçısı sabah Fransa xarici işlər naziri Bernar Kuşnerlə görüşəcək. Fransanın Bakıdakı səfirliyinin saytının yaydığı məlumata görə, danışıqlar zamanı İran və Dağlıq Qarabağ münaqişəsində danışıqların hazırkı mərhələsi, həmçinin ikitərəfli münasibətlər müzakirə ediləcək.
Bundan başqa, Kuşnerlə görüş ərəfəsində diplomatik pasportu olan şəxslərin qısamüddətli səfərləri üçün vizanın qarşılıqlı ləğv edilməsi haqqında və vergi sahəsində texniki əməkdaşlıq haqqında saziş imzalanacaq.
Qeyd edək ki, bu, 2003-cü ildən başlayaraq, İ.Əliyevin Fransaya artıq 8-ci səfəridir. Parisə səfəri zamanı dövlət başçısı Fransa prezidenti adından rəsmi nahara dəvət ediləcək. Bundan başqa, İ.Əliyev Fransa Milli Assambleyasının spikeri və Senat sədri ilə görüşəcək.
Turana diplomatik mənbələrdən daxil olan məlumata görə isə İ. Əliyev Fransanın GDF-Suez enerji şirkətinin rəhbərliyi ilə danışıqlar aparacaq. Azərbaycan qazının Avropaya ixracı məsələlərinin diqqət mərkəzində olacağı gözlənilir.
GDF-Suez-in Xəzərin Azərbaycan sektorunda “Abşeron” neft-qaz strukturunun işlənməsi layihəsində 20% payı var. Bu layihədə həmçinin SOCAR dövlət neft şirkəti və Fransanın Total şirkəti (hər biri 40%) iştirak edir. anspress
DOSTLARINLA PAYLAŞ: