Prezident gənclərlə görüşdü
21 Aprel 2011 Cümə Axşamı 22:05
İlham Əliyev: “Azərbaycan gəncliyi dövlətçiliyə sadiqdir”.
Bu gün prezident İlham Əliyev müxtəlif sahələrdə uğurlar qazanmış bir qrup gənc və tələbə gənclər təşkilatlarının nümayəndələrini qəbul edib. Ölkə başçısı görüşdə “Azərbaycan gəncliyi 2011-2015- ci illərdə Dövlət Proqramı”nın hazırlanacağını deyib. Onun sözlərinə görə, proqramda gəncləri narahat edən məsələlər, onların problemləri öz əksini tapacaq. İlk növbədə isə gənclərin məşğulluq məsələləri həll olunmalıdır.
Dövlət başçısı gənclərin sosial həyat şəraitinin yaxşılaşdırılması istiqamətində də ciddi addımların atıldığını deyib. Azərbaycanda ipoteka kreditləşməsinə toxunan dövlət başçısı bildirib ki, güzəştli şərtlər daha məqbul olmalı, layihənin əhatə dairəsi genişlənməli və bütün bunlar gənclərə yaxşı şərait yaradılması işinə xidmət etməlidir. Gənclərin peşə hazırlığından danışan prezident qeyd edib ki, Azərbaycanın artan iqtisadi potensialı, yeni müəssisələrin yaradılması peşəkar kadrlar tələb edir. “Kadrlar elə hazırlanmalıdır ki, onlar istənilən sahədə çalışa bilsin. Azərbaycan gəncliyi dövlətçiliyə sadiqdir”, - deyə dövlət başçısı vurğulayıb.
Prezident ölkədə texniki peşə təhsilinin təkmilləşdirilməsi ilə bağlı böyük işlər görməyin zəruriliyini də vurğulayıb. Dövlət başçısı gənclərin fiziki hazırlığı ilə bağlı məsələlərə də toxunub, hərbi hazırlıqla bağlı məsələlərin proqramda yer alacağını qeyd edib.
İlham Əliyevin sözlərinə görə, hərbi hazırlıqla bağlı mütləq xüsusi yer ayrılmalıdır: “Bu bizim üçün vacib məsələdir. Biz müharibə vəziyyətindəik, hər dəfə hazır olmalıyıq. Baxmayaraq ki, bu məsələni diplomatik yolla həll etmək istəyirik”.
Dağlıq Qarabağ münaqişəsinin həllində gənclərin rolu məsələsinə toxunan prezident İlham Əliyev bildirib ki, cəmiyyətin bütün üzvləri kimi, Azərbaycan gəncləri də ölkəmizin gücləndirilməsi işinə xidmət etməli, hər bir gənc öz imkanı daxilində Qarabağ problemi ilə əlaqədar təbliğat işlərini artırmalıdır. Gənclərlə görüşdə Azərbaycan prezidenti münaqişənin həlli ilə bağlı ölkəmizin dəyişməz mövqeyini bir daha bəyan edib. Dövlət başçısı bildirib ki, münaqişə yalnız beynəlxalq hüquqa uyğun olaraq, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapa bilər.
Sonra Azərbaycan prezidenti İlham Əliyev proqramla bağlı gənclərin fikir və təkliflərini dinləyib. Görüşdə çıxış edənlər texniki peşə məktəblərində verilən təhsilin təkmilləşdirilməsi, müasir bilik və bacarığa malik olan peşəkar texniki kadrlara olan ehtiyacı həll etmək üçün müxtəlif elmi-texniki təşkilatların inkişafına dövlət dəstəyinin göstərilməsi, gənc menecerlər nəslinin yetişdirilməsi üçün gənc sahibkarların stimullaşdırılması, ali təhsil ocaqlarında pedaqoji kadr məsələləri, xaricdə təhsillərini başa vurmuş gənclərin universitetlərdə pedaqoji işlərə cəlb olunması, gənclərin sosial məsələlərinin həlli, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində gənclərin rolu və digər məsələlərlə bağlı fikir və təkliflərini bildirdilər.
Gəncləri dinləyən dövlət başçısı görüşdə səslənən təkliflərin hamısının dövlət proqramının hazırlanmasında nəzərə alınacağını deyib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: