“Praqa görüşündən bir həftə sonra mən Ermənistan və Azərbaycan prezidenti ilə görüşdüm. Bu, onu göstərir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli işini davam etdirmək üçün masada kifayət qədər element var”.
APA-nın xəbərinə görə, bu sözləri Heydər Əliyev beynəlxalq hava limanında jurnalistlərə açıqlamasında ATƏT-in Minsk Qrupunun həmsədri Bernar Fasie deyib. Fransalı diplomat bildirib ki, danışıqlar prosesinə prezidentlərin görüşlərindən çəkilmiş fotoşəkil kimi baxmaq doğru deyil, çünki fotoya baxarkən hər hansı hərəkət hiss olunmur. O, il ərzində Azərbaycan və Ermənistan prezidentlərinin 4 dəfə görüşdüklərini xatırladaraq qarşıdakı Sankt-Peterburq görüşünün 5-ci olacağını söyləyib: “Əgər prezidentlər bu cür müntəzəm görüşürsə, deməli, onların bir-birinə deməyə sözü var”.
B. Fasie hər şeyə rəğmən Praqa görüşünün uğurlu olduğunu vurğulayıb: “Praqada irəliyə doğru iri addım atıldığını söyləmək mümkün olmasa da, irəliləyişlər olduğunu söyləmək mümkündür. Praqa görüşü bəzi müşahidəçilərin dediyi kimi uğursuz nəticələnsəydi, yəqin ki, mən belə tez müddətdə buraya gəlməzdim. Praqa görüşü uğur da deyildi, uğursuzluq da”.
APA