Piter Semnebi ümidini itirmir
29 Sentyabr 2009 Çərşənbə Axşamı 21:20
O əmindir ki, Dağlıq Qarabağla bağlı danışıqlar davam etdiriləcək
«Dağlıq Qarabağla bağlı aparılan danışıqların davam etdiriləcəyinə və bu sahədə uğur əldə olunacağına əminik». Belə bir bəyanatla Bakıya səfərə gələn Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi çıxış edib. Bakıya səfəri çərçivəsində Piter Semnebi dövlət və hökumət rəsmiləri ilə görüşəcək.

«Biz Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşmasını dəstəkləyirik. Bu məsələnin Qarabağdakı sülhə təsiri ilə bağlı danışmaq istəmirik. Ümid edirik ki, Qarabağla bağlı aparılan danışıqlar davam edəcək. Hesab edirəm ki, yaxın gələcəkdə bu prosesdə uğur əldə olunacaq. Avropa Birliyi Qafqazda problemlərin həll olunması üçün "Şərq Tərəfdaşlığı" çərçivəsində öz imkanlarını təklif edir»,- deyə Piter Semnebi vurğulayıb.

O qeyd edib ki, hazırda gündəlikdə duran əsas məsələ Avropa Birliyinin "Şərq Tərəfdaşlığı" ilə bağlı davam etdirdiyi danışıqlardır. Semnebinin sözlərinə görə, danışıqların keçirilməsi regiondakı ölkələr arasında münasibətlərin inkişaf etdirilməsi üçün zəruridir: «Hər bir region ölkəsi ilə danışıqlar aparılacaq. Bu danışıqlar ticarət məsələləri, o cümlədən azad ticarət zonalarının yaradılması, hərəkət sərbəstliyi və digər məsələləri əhatə edəcək. Yeni forum keçiriləcək və bu forum çərçivəsində alt komitə yaradılacaq. Komitənin əsas məqsədi ədalət, azadlıq və təhlükəsizliyi təmin etmək olacaq. Komitənin məqsədi həmçinin hərəkət sərbəstliyinin təmin olunmasında yardımçı olmaqdır».


DOSTLARINLA PAYLAŞ:

oyunlar