Piter Semnebi Eldar Mahmudovla görüşüb
07 Sentyabr 2010 Çərşənbə Axşamı 18:15
Görüşdə Azərbaycana qarşı olan təhdid siqnalları müzakirə edilib.
Azərbaycanda səfərdə olan Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi Bakıdakı görüşlərini başa vurub və Tiflisə yollanır. P.Semnebi keçirdiyi görüşlərin nəticələrini ANS-ə açıqlayıb.

Bu gün milli təhlükəsizlik naziri ilə görüşdüyünü deyən Piter Semnebi onunla hazırkı vəziyyəti və ölkənin təhlükəsizlik məsələlərini, Azərbaycana qarşı olan təhdid siqnallarını müzakirə etdiklərini bildirib: "Bu məsələlər bizi də maraqlandırır. Biz belə görüşlərə böyük əhəmiyyət veririk".

Aİ nümayəndəsi həmçinin ölkənin siyasi qüvvələri ilə də görüşüb.

"Mən həmçinin bu gün siyasi qüvvələrlə də müzakirələrimi davam etdirmişəm. Müxalifətin müxtəlif qanadları ilə məsləhətləşmələr aparmışam. Müxalifətlə görüşlərə seçkiqabağı böyük əhəmiyyət veririk. Parlament seçkisi həmişə demokratiyanın vacib mərhələsi sayılır. Bu, gənc Azərbaycan demokratiyası üçün irəli addım atmağa fürsətdir. Seçkiqabağı təbliğat kampaniyası başlayır. Sərbəst toplaşma azadlığının necə qorunduğu, namizədlərin kütləvi informasiya vasitələrinə çıxışının necə təmin olunacağı, eyni zamanda siyasi partiyaların əhali, seçicilərlə işləmək ideyalarına və proqramlarına nəzər yetirəcəyik. Bütün bunlar Azərbaycan üçün həyati vacib məsələlərdir. Bunlar bizim üçün də vacibdir. Çünki Azərbaycan bizim vacib tərəfdaşımızdır”,- deyə Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi bildirib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar